EN

Sebastian Kurts: “İranın müharibəsi klassik deyil – XXI əsrdə təhlükələr tamamilə yeni formadadır”

XIII Qlobal Bakı Forumu çərçivəsində “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar” adlı paneldə Avstriyanın sabiq Federal Kansleri Sebastian Kurts çıxış edib.

Musavat.com bildirir ki, Kurts çıxışında dünya ictimaiyyətini XXI əsrin təhlükələri və Yaxın Şərqdəki mürəkkəb vəziyyətə diqqət çəkib:

"Bu gün İran artıq klassik müharibə üsullarını tətbiq etmir. İranın apardığı müharibə daimi hədə kimi qalır. Sual odur ki, belə hallara qarşı legitim addım nə olmalıdır? Bu gün ortaya çıxan çətinliklər tamamilə yeni formadadır. Raket hücumları realist ssenari kimi ortaya çıxıb, hava limanlarına olan hücumlar və infrastruktur layihələri ciddi problemlərlə üz-üzədir".

Sabiq kansler əlavə edib ki, Yaxın Şərqdə baş verən terror və hibrid hücumların maliyyələşdirilməsi çox vaxt İran rejimindən qaynaqlanır:

“Regiondakı bir çox terror qruplarının ideoloji əsasları İranla sıx əlaqəlidir. Bu yalnız Yaxın Şərqlə məhdudlaşmır, Avropada da müşahidə olunur. HƏMAS və digər silahlı qrupların İran tərəfindən dəstəkləndiyini görmək mümkündür. Burada klassik müharibə deyil, lakin terror və daimi təhlükə ilə müşayiət olunan bir vəziyyət mövcuddur".

Kurts həmçinin qeyd edib ki, hüquqi baxımdan cavab tədbirlərinin səviyyəsini müəyyən etmək çətindir:

“Avropaya baxdıqda, Rusiyadan Berlinə, Brüsselə və ya Vyanaya raket zərbəsi endirilməsi yaxın illər üçün real ehtimal deyil. Lakin hibrid müharibə – kiberhücumlar, dron hücumları və infrastruktur obyektlərinə təhdidlər olduqca realdır. XXI əsrdə təhlükələrin xarakteri dəyişib və buna uyğun strategiyalar formalaşdırılmalıdır”.

Kurts Avropa daxilində əməkdaşlığın vacibliyini də vurğulayıb:

“Güclü NATO-nun zəruriliyi ilə yanaşı, Avropa daxilində də güclü əməkdaşlıq vacibdir. Avstriya neytral ölkə olsa belə, bu əməkdaşlığın bir hissəsidir. Avropanın təhlükəsizliyi yalnız kollektiv yanaşma ilə təmin edilə bilər”.

Sabiq kansler həmçinin İsrail və Yaxın Şərqdəki vəziyyətə diqqət çəkib:

“Mən İsraildə 7 oktyabr hadisələrinin şahidi olmuşam. 9 milyon əhalisi olan bir ölkədə bir gün ərzində minlərlə insanın öldürüldüyünü və yüzlərlə insanın girov götürüldüyünü görmək, hibrid hücumların nə qədər böyük təhlükə yarada biləcəyini başa düşməyə imkan verir. Ümid edirəm ki, bu müharibə tezliklə başa çatacaq, lakin vəziyyət mürəkkəb olaraq qalacaq".

Kurts çıxışının sonunda BMT-nin aktual vəziyyətinə də toxunub:

“BMT öz aktuallığını qorumaq istəyirsə, mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməli, terrorizm, hibrid müharibə və gələcəkdə terror təşkilatlarına qarşı düzgün cavabın necə olacağını təhlil etməlidir. Əks halda, beynəlxalq sistem sınaqdan çıxa bilməz”.

Xalidə Gəray
Musavat.com

Chosen
32
musavat.com

1Sources