EN

Arvadının başına pult vurdu deyə 7 ay azadlıqdan məhrum etdilər

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Tahir qeyri-rəsmi münasibətdə olduğu Kəmaləyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 15-də baş verib. Gədəbəy rayon sakini Tahir həmin gün saat 00:30-da yaşadıqları evin qonaq otağında qeyri-rəsmi həyat yoldaşı Kəmalə ilə mübahisə edib. Onların arasında mübahisənin başlanmasına səbəb isə Kəmalənin nalayiq ifadələr işlətməsi olub. Bu səbəbdən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı Tahir masanın üzərində olan televizor pultunu əlinə götürərək bir dəfə Kəmalənin baş nahiyəsindən vurub. Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 25 il öncə Kəmalə ilə qeyri-rəsmi ailə həyatı qurublar, onların üç övladı olub: “Aramızda son zamanlar mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr baş verib. Qızım Səbinənin artıq bir neçə müddətdir ki ailəsində problem olduğu üçün bizdə evində yaşayıb. Hadisədən əvvəl qızımın əri Namiq gələrək Səbinəni öz evlərinə apardı”.Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 00:30 radələrində yaşadıqları evin qonaq otağında olarkən Namiqin Səbinəni apardığı üçün Kəmaləyə öz iradlarını bildirməyə başlayıb:“Əsəbimdən otağın qapısına yumruq vurdum. Bu zaman Kəmalənin nalayiq ifadələr işlətdiyini eşitdim. Qəzəblənərək masanın üzərində olan televizor pultunu götürdüm və onun baş nahiyəsindən həmin pultla bir dəfə zərbə vurdum. Sonra isə evdən getdim. Həmin vaxtdan sonra rayonda yaşamağa başlamışam. Mənim iki barmağım yoxdur, əlimdə infeksiya yarandığı üçün Türkiyəyə müalicəyə getmişəm. Qayıdarkən məni hava limanında tutdular”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tahir 7 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
demokrat.az

1Sources