EN

AzMİU-da mövzusunda konfrans keçirilib

2026-cı ilin ölkəmizdə “Memarlıq və Şəhərsalma ili” elan olunması ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda elmi konfrans keçirilib.

AzEdu.az xəbər v erir ki, konfransda su təsərrüfatı, içməli su təchizatı, eləcə də iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri ilə bağlı aktual məsələlər müzakirə olunub.

Tədbirin açılış mərasimində AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Rəşail İsmayılov, AzMİU-nun “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin dekanı, dosent Elgiz Həsənov çıxış edərək su təhlükəsizliyi məsələlərinin müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar. Çıxışlarda bu sahədə elmi tədqiqatların genişləndirilməsinin, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinin və su ehtiyatlarının səmərəli idarə olunmasının əhəmiyyəti qeyd olunub.

Konfrans çərçivəsində iki panel sessiya təşkil olunub.

“Su təhlükəsizliyi və iqlim dəyişmələri” mövzusuna həsr olunan I panel sessiyasının moderatoru Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun “Ekologiya” şöbəsinin müdiri Günay Abbasova olub. Panel sessiyasında AzMİU-nun “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının professoru Bəhram Əliyev, Xəzər dənizinin problemləri sektorunun müdiri Hamlet Fətdayev, AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva mövzu ilə bağlı elmi məruzələrlə çıxış ediblər.

Konfransın II panel sessiyası isə “İçməli su təchizatı və suvarma sistemlərinin dayanıqlı idarə edilməsi” mövzusuna həsr olunub. Panelin moderatoru AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının baş müəllimi Cəmil Quliyev olub. Sessiyada AzMİU-nun “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının professoru Yaşar Qəhrəmanlı, Su təchizatı sistemlərinin tədqiqi şöbəsinin baş elmi işçisi Zivər Tarixazər, AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının dosenti Samirə Əkbərova və Drenaj sistemlərinin tədqiqi sektorunun müdiri Sübhanə Şahmalıyeva mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Konfrans çərçivəsində su təhlükəsizliyi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, içməli su təchizatı və suvarma sistemlərinin səmərəli idarə olunması kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Chosen
51
1
azedu.az

2Sources