Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarışda səkkiz dövlət qurumunu təmsil edən 30 nəfər (19 kişi, 11 qadın) iştirak edib.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mələkxanım Məmmədova və Zəkiyyə Kərimli, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndəsi İlkanə Qasımova fərqləniblər. Kişilər arasında 60 metr məsafəyə qaçışda İlkin Əlizadə (FHN) birinci, Gündüz Cəfərzadə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Rüstəm Rüstəmov (SOCAR) üçüncü yeri tutublar. Qadınlar arasında 400 metr məsafəyə qaçışda Mələkxanım Məmmədova (FHN) birinci, Sima Səfərova (FHN) ikinci, İlkanə Qasımova (XİN) üçüncü olublar. Kişilər arasında 800 metr məsafəyə qaçışda Cəlal Süleymanov (FHN) birinci, İlqar Məmmədov (FHN) ikinci, Pərviz Aslanov ("AzerGold" QSC) üçüncü yeri tutublar.
Qadınlar arasında uzunluğa tullanma yarışında Xalidə Cəfərova (SOCAR) birinci, Zəkiyyə Kərimli (FHN) ikinci, Zərifə Məmmədova (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında isə Rüstəm Rüstəmov (SOCAR) birinci, Yevgeniy Kasilov (FHN) ikinci, Gündüz Cəfərzadə (ƏƏSMN) üçüncü yerə layiq görülüblər.