EN

Münasibətlərimiz artıq yalnız iqtisadi və enerji sahəsi ilə məhdudlaşmır - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında verilən birgə mətbuat bəyanatı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bəyanatda xüsusilə regional təhlükəsizlik, sülh prosesi və iqtisadi əməkdaşlıq məsələlərinin ön plana çıxması tərəflərin əməkdaşlığının artıq daha geniş siyasi və strateji çərçivəyə daxil olduğunu nümayiş etdirir."

Bunu Hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqı bu prosesdə ilk növbədə siyasi-diplomatik dəstək verən platforma kimi çıxış edə bilər.

Ekspert vurğulayıb ki, əsas məsələ odur ki, sülh sazişinin əsas prinsipləri dövlətlərin suverenliyi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin toxunulmazlığı beynəlxalq hüquqa uyğun şəkildə qəbul olunsun. O, hesab edir ki, bu baxımdan Avropa İttifaqının vasitəçilik, texniki dəstək və etimad quruculuğu tədbirləri vasitəsilə prosesə töhfə verməsi mümkündür. Lakin sülhün əsas təminatçısı məhz region dövlətlərinin siyasi iradəsi olmalıdır.

B.Quliyevin fikrincə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri isə Azərbaycan-Avropa iqtisadi əməkdaşlığının yeni istiqamətlərindən biri kimi qiymətləndirilə bilər:

"Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi “Ağıllı şəhər” və “Yaşıl enerji” konsepsiyası Avropa şirkətləri və maliyyə institutları üçün də cəlbedici platforma yaradır. Avropa texnologiyalarının və investisiyalarının bu layihələrə cəlb olunması həm regionun sosial-iqtisadi dirçəlişini sürətləndirə, həm də Azərbaycan-Avropa iqtisadi tərəfdaşlığını daha da dərinləşdirə bilər.

Regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması məsələsinə gəldikdə isə, burada Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq bir neçə istiqamətdə inkişaf edə bilər. Bunlara enerji təhlükəsizliyi, nəqliyyat və logistika marşrutlarının inkişafı, kibertəhlükəsizlik və regional sabitliyin möhkəmləndirilməsi daxildir. Xüsusilə, Orta Dəhliz layihəsinin inkişafı və Cənubi Qafqazın Avropa ilə Asiya arasında strateji körpüyə çevrilməsi Aİ ilə əməkdaşlığın yeni strateji çərçivəsini formalaşdıra bilər.

Hesab edirəm ki, bu bəyanat göstərir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq yalnız iqtisadi və enerji sahəsi ilə məhdudlaşmır. Tərəflər regional sülhün təmin olunması, post-münaqişə dövründə bərpa prosesləri və yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması istiqamətində də daha fəal əməkdaşlıq mərhələsinə daxil olurlar. Bu isə Azərbaycanın regionda sabitlik və əməkdaşlıq gündəliyini irəli aparan əsas aktorlardan biri olduğunu bir daha təsdiqləyir".

Tahirə Qafarlı

Chosen
99
hafta.az

1Sources