EN

Sağlam və parlaq dəri üçün hansı qidalar vacibdir?

Sağlam və gözəl dəriyə sahib olmaq üçün yalnız kosmetik vasitələrdən istifadə etmək kifayət etmir.


Pravda.az bildirir ki, düzgün qidalanma dəri sağlamlığının əsas şərtlərindən biridir. Bəzi vitamin və minerallarla zəngin qidalar dərinin daha gənc, elastik və sağlam görünməsinə kömək edir.


Sink


Sink dəri sağlamlığı üçün mühüm minerallardan biridir və xüsusilə sızanaq problemi olan insanlar üçün faydalıdır. Bu mineral dəridə yağ istehsalını tənzimləyir və immun sistemini gücləndirir. Sink balqabaq tumu, zəncəfil, qoz, yulaf və yumurtada olur.


Omega-3 yağ turşuları


Dərinin quruluğu və qıcıqlanması bəzən omega-3 yağ turşularının çatışmazlığı ilə bağlı ola bilər. Bu maddələr dərinin elastikliyini və nəmliliyini qoruyur. Somon, skumbriya, sardina, kətan yağı, qoz, badam, fındıq və bəzi paxlalılar omega-3 baxımından zəngindir.


Selen


Güclü antioksidant olan selen hüceyrələri zərərli maddələrdən qoruyur və dərinin elastikliyini artırır. Bu mineral buğda rüşeymi, somon, ton balığı, sarımsaq, qoz, yumurta və tam taxıllı məhsullarda olur.


C vitamini


C vitamini günəş və hava çirkliliyinin dəriyə verdiyi zərəri azaltmağa kömək edir. O, kollagen istehsalını dəstəkləyərək qırışların yaranmasını ləngidir. Qırmızı və yaşıl bibər, cəfəri, kələm və brokoli bu vitaminin yaxşı mənbələridir.


E vitamini


E vitamini dərini günəşin zərərli təsirindən qoruyan güclü antioksidantdır. Həmçinin qırışların və dəri quruluğunun azalmasına kömək edir. Buğda rüşeymi, günəbaxan tumu, badam, şaftalı, pomidor və avokado E vitamini ilə zəngindir.


A vitamini


A vitamini dəri hüceyrələrinin yenilənməsi və bərpasında mühüm rol oynayır. Çatışmazlığı dəridə quruluq və sızanaq kimi problemlərə səbəb ola bilər. Qaraciyər, kök, ərik, ispanaq və qovun A vitamini mənbələridir.


Əminə Bayramova 

Tarix: 12 Mart 2026, 17:11   
Chosen
60
1
pravda.az

2Sources