EN

Son illərdə BMT bir sıra səbəblərə görə kifayət qədər uğurlu nəticə əldə edə bilməyib - Binəli Yıldırım

Təhlükəsizlik Şurasında təmsilçilik və daimi üzvlərin hüquqları məsələsinə baxdıqda, bu mövzu regional və qlobal səviyyədə çoxlu tənqidlərə səbəb olur.

Olaylar.az xəbər verir ki, bu fikirləri bu gün Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində deyib.

"O dövrdə daimi üzvlər bu hüquqları özlərinə özləri veriblər, bunu açıq şəkildə deyirəm. Onlara bu hüquqları verən başqa bir səlahiyyətli qurum olmayıb. Yəni daimi üzvlər özləri üçün hüquqlar müəyyənləşdiriblər və buna uyğun şəkildə fəaliyyət göstəriblər. Bununla belə, onların bütün addımlarını tamamilə yanlış və ya qeyri-səmimi kimi qiymətləndirmək də doğru olmaz", - deyə o qeyd edib.

B.Yıldırım bildirib ki, illər ərzində Birləşmiş Millətlər Təşkilatı həm regional, həm də qlobal səviyyədə çox dəyərli missiyalar həyata keçirib. Lakin son illərdə müxtəlif münaqişələrə baxdıqda - məsələn, sizin regionda Rusiya və Ukrayna arasında müharibə, Qəzzada etnik təmizləmə, Tbilisidəki qarşıdurma, eləcə də Suriya, İraq, Əfqanıstan və İsraildəki münaqişələr - təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı bir sıra səbəblərə görə kifayət qədər uğurlu nəticə əldə edə bilməyib.

"Bunun əsas səbəblərindən biri də ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının daimi üzvləri əslində neytral mövqe tutmalı və münaqişənin tərəfi olmamalıdırlar. Lakin problemlərin həlli prosesində biz görürük ki, bəzi hallarda daimi üzvlər həllin bir hissəsinə çevrilmək əvəzinə problemin özünün bir hissəsinə çevrilirlər. Bu isə ciddi problemdir. Məhz buna görə ekspertlər, dünya liderləri, siyasətçilər və alimlər daim vurğulayırlar ki, Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması artıq təxirəsalınmaz zərurətə çevrilib.

Digər tərəfdən isə burada müəyyən paradoks mövcuddur. Bu islahatları kim həyata keçirəcək? Çünki belə dəyişikliklər üçün məhz daimi üzvlərin razılığı tələb olunur. Yəni islahatlar təklif olunsa belə, onların həyata keçirilməsi üçün yenə də daimi üzvlərin təsdiqi lazımdır. Bu isə paradoksal vəziyyət yaradır. Çünki mövcud sistemdən ən çox fayda götürən tərəflər öz səlahiyyətlərinin azalmasına səbəb olacaq dəyişiklikləri təsdiqləməlidirlər. Praktiki baxımdan bu, çox çətin görünür".

B.Yıldırım təklif edib ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bağlı mövcud struktur yenidən nəzərdən keçirilsin:

"Bir çox liderlər və ölkələr bildirirlər ki, veto mexanizminin çəkisi yenidən qiymətləndirilməlidir. Məsələn, veto qərarı üçün ən azı iki üzvün razılığı tələb oluna bilər və ya Təhlükəsizlik Şurasında iştirak dairəsi genişləndirilə bilər. Bu zaman regional və qlobal geosiyasi vəziyyət nəzərə alınmalıdır. Məsələn, Afrika qitəsi Təhlükəsizlik Şurasında faktiki olaraq təmsil olunmur.

Eyni zamanda müsəlman dünyası da Təhlükəsizlik Şurasında adekvat şəkildə təmsil olunmur. Bu və buna bənzər müxtəlif təkliflər artıq gündəmdədir. Ümid edirəm ki, bütün bu məsələlər məntiqi və təbii şəkildə nəzərdən keçiriləcək və ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
2
olaylar.az

3Sources