EN

Azərbaycanın ən çox sevilən qəhrəmanı Qaçaq Nəbidir

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qaçaq Nəbi (1851-1896) Qafqazda çar Rusiyası əleyhinə 25 ildən çox davam edən qaçaq – partizan hərəkatının başçısı olaraq şəxsi igidliyi, şücaət və cəsarəti, xalqın sevgisi ilə 150 ildən çoxdur ki, Qafqaz, İran, Türkiyə coğrafiyasında ən populyar qəhrəmanlardan birinə çevrilib.

Qafqazda XIX əsrdə, XX əsrin əvvəllərində 100-dən аrtıq qаçаq dəstəsi olub ki, onların da ən şöhrətlisi, Qаçаq Nəbinin dəstəsi idi. El gözü tərəzidir; folklorumuzdakı 11 qaçaq dastanında cəmi 164 qoşma, gəraylı vardır ki, bunun da 83-ü, yəni yarıdan çoxu Qaçaq Nəbiyə həsr olunub, Azərbaycan, İran, Türkiyədə “Qaçaq Nəbi” dastanının 7 variantı mövcuddur (Mənbə: Füzuli Bayat. Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə. Bakı, Elm və təhsil, 2019). Bura Qaçaq Nəbi haqqında yazılan roman, povest, pyes, poema, şeir, hekayələr, filmlər, Türkiyə və Güney Azərbaycanda bizdən heç də az sevilməyən Nəbi-Həcər ünvanlı dastanlar, şeirlər, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri məşhur 36 misralı “Qaçax Nəbi”si, Türkiyə, İran, Azərbaycan, Kərkük ellərində sayı 100-ə çatan Qaçaq Nəbi-Həcər adına bəstələri, ifaçıları da əlavə etsək, bu sevginin, şan-şöhrətin miqyasının möhtəşəmliyi, qürurvericiliyi aydın görünər. Ustad xanəndəmiz Xan Şuşinskidən başlamış, Ağabala Abdullayev, Fəxrəddin Hüseynov, Kamil Cəlilov, Aşıq Əsəd, Nevid Müsmirədək, Cemal Kaçar, Parisa Arsalani, Aşıq Əsgər Urmiyalı və sair. Ötən ilin noyabrında İğdır, Qars, Ərdəhanda olarkən Qaçaq Nəbi ünvanlı mahnıların, el nəğmələrinin bu tərəflərdə yaşayan türklər, kürdlər arasındakı populyarlığına heyran oldum. Qaçaq Nəbi haqında yazılmış elmi-tarixi, bədii, folklor nümunələrindən də göründüyü kimi, bu sevginin həqiqətən də real tarixi kökləri var.

Qaçaq Nəbi kimlərə qarşı savaşırdı - zalım rus, fars, ermənilər, “sapı özümüzdən olan baltalar”...

Xalqın qoşduğu bu dastan, nəğmələrdə Qaçaq Nəbi mücadiləsinin əsas hədəfləri, ən böyük düşmənlərinin kim olduqları adbaad göstərilib; urus, qubernat-qoburnat, naçalnik, pristav, kazak, saldat, kamandir, qazamat... erməni hampa və keşişləri, yerli bəylər, məmurlar - “sapı özümüzdən olan baltalar”...

Qazamata çəkib urus hasarı,

Dörd yanı çevrəmə qurulub barı.

Nəbinin sədası düşüb hər yana,

Naçalnik, pristav oldu yan-yana.

Qazamatın yanı tökmə qaladı,

Saldat da bir yandan yaman bəladı.

Üçtəpə düzündən qopubdur sazaq,

Düzülüb qarovul saldatla kazak.

Nəbinin birçəyi oyma-oymadı,

Qırdı saldatları, birin qoymadı.

Həcər xanım heç Nəbidən doymadı.

Bu davada Nəbi tufan eylədi.

Kazakları qırıb fiğan eylədi.

Hampanı öldürüb qəltan eylədi,

Erməni Ginkuru bidad eylədi

Burda Nəbi yenə bir ad eylədi.

Qoburnat, naçalnik hey kağız yazar,

Onların yazdığın qoç Nəbi pozar və sair.

Nəbi necə qaçaq düşmüşdü?

Türk-kürd mənbələrində sovet tarixşünaslarından fərqli olaraq, Nəbinin qaçaq düşməsi olayı belə göstərir; Nəbi 19 yaşında ikən həmkəndliləri ilə Yuxarı Mollu camaatının hər il yurd saldığı Salvartıdakı yaylaq yerlərinə köç edirlər, qudurğan erməni hampası İsvonçun tayfası rus pristavının izni ilə onlardan qabaq gəlib Molluların dədə-baba yurdunda çadırlar qurmağa macal tapmışlar, mübahisə genişlənir, erməninin kəli ilə Nəbigilin kəli də kəllələşirlər, həmişə belə olur; əvvəl gələn nə camışları, nə də otlaq yerlərini sonra gələnlə bölüşmək istəmir, heyvani instinktlə döyüşürlər, bilirlər ki qalib güclülər olur. Nəbi Alı oğlunun kəli İsvonçun kəlini süpürləyib yarğandan başıaşağı yumalayır. Hamının yanında pərt olan İsvonç tüfəngi çıxarıb Nəbigilin kəlini vurur, Nəbi də borclu qalmır – bir güllə İsvonçun başına çaxır, ona havadarlıq edən rus kazakına da tüfəngə əl atmağa aman vermir, bir güllə də ona və atına minib dağlara qaçır, ardınca da qardaşı Mehdi, toya hazırlaşdıqları deyiliklisi əminəvəsi Həcər də onun ardınca. Nəbinin qaçaqlığı – 25 ildən çox davam edən partizanlığı belə başlayır.

Rusiya qəzetləri Qaçaq Nəbidən yazırdı

1890-cı illərdə Peterburq və Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetləri dəfələrlə Qaçaq Nəbinin rus, erməni silahlı dəstələrinə necə divan tutduğundan yazmışdı. “Kafkaz” qəzetində Nəbinin 23 iyul 1894-cü ildə Ordubadın Qarçıvan kəndində yaşayan ermənilərin doğram-doğram elədiyi qardaşı Mehdinin intiqamını necə almasından yerli-yataqlı bəhs edəm yazı çap olunub; Nəbi rus naçalniki, qaçaqları rus kazakları geyimində guya Gorus türməsindən qaçıb bu kənddə gizlədilən məhbusun tapılması adı ilə kəndə girir, hamını kilsəyə doldurur, Mehdinin ölümündə əli olan hər kəsin cəzasını verir, toplanan qəniməti 17 dəvəyə yüklədir, yol boyu kasıb kəndlilərə payladır, qalanını Arazın o tayına keçirdir, burda yoxsullara payladır. Qəzetin yaymış olduğu məlumatda, İrəvan general-qubernatorunun Tiflisə raportunda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubl göstərilir. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi barədə Tiflis arxivlərində xeyli sənəd-sübutlar var.

Nəbinin özünü və dəstəsini aradan götürmək üçün əsas plan cızanlar, rus dəstələrinin bələdçiləri ermənilər olub və onların da bir çoxu Nəbidən layiqli cəzalarını alıblar. Sovet vaxtı Qaçaq Nəbi haqqında filmin çəkilişinə ən böyük etiraz ermənilərdən gəlmişdi.

Maksim Qorki “Nijneqorodskoy listok” qəzetinin 1896-cı il 8 noyabr tarixli sayında dərc olunan “Qafqazda qaçaqlar” oçerkində yazırdı: “Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar olmuşdur... Adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin”. Bizim bir sıra nadanlar isə Qaçaq Nəbi adını Qara Nəbinin adı ilə qaralamaq istəyiblər.

Nəbinin “cinayətləri”ni araşdıran prokuror Jukovski ona “üsyan başçısı” maddəsi vermişdi və Peterburqa yazmışdı ki, Nəbi bildiyimiz qaçaqlardan deyil, buna yalandan qaçaq deyirlər. Bu, bəyləri, mülkədarları tamam qırmaq, torpağı yoxsul kəndlilərə paylamaq üçün qalxan güclü kəndli hərəkatıdır.

Müstəntiq-silisçi Beçerovun Qaçaq Nəbi haqqında topladığı işin həcmi 150 tom-cild idi.

Naxçıvan quberniyasının polis rəisi çar II Nikolayın sarayına yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır”.

Məhkəmə palatasının prokuroru Y.Vasilkov da bunu təsdiqləyərək əlavə edir ki, “hətta, bəylər də qaçaqları öz evlərində gizlədirlər”.

Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından olmuş Hüseyn Baykara “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının (İstanbul, 1975) “Azərbaycan tarixində qaçaq hərəkatı” bölməsində bir neçə tanınmış qaçağın çarın yerli idarələrindən pul-para, qızıl və digər təminatlar müqabilində üzə çıxıb silahı yerə qoyduğunu adbaad yazır, bu sırada istisna olan sonadək "partizan hərəkatında istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə" aparan Qaçaq Nəbidir.

Nəbi, Həcərin mücadiləsinin kimlərə qarşı olduğunu Zəngəzurun sonuncu qazısı, tarixçi, ilahiyyatçı, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi” nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcət “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə) kitabının  mündəricatındakı başlıqlardan görünür: “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər çar hakimiyyətinin müstəmləkəçi zor gücləridir. Bəhlul Behcət müasiri, qonşu kəndçisi olmuş Nəbinin “yalnız gerçək sərgüzəştlərini” və Nəbinin görkəmini, xarakterini belə təsvir edir: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək, yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxmazdı. Nəbi öz zəmində etibarlı və iffətli idi. Onun bütün hərəkətləri mətin və qüvvətli iradənin səmərəsi idi. O, qadına hörmət barəsində çoxdan çox ehtyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox hörmətcil və qayğı göstərən idi, gizli oğurluğu qadağan etmişdi. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək onların işi deyildi. “Aynalı” tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş “osmanlı” tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək, çox yüngül, görünüşcə dəgözəl bir at idi”.

Kitabda Nəbinin həbsdən ilk qaçışı belə təsvir olunur; Nəbini Naxçıvan qazamatında bir qədər saxlayıb sonra Şuşa türməsinə yatab edirlər. Az keçmiş istintaqın davam etdirilməsi üçün daha etibarlı, ermənilərin tam nəzarətində olan Gorus türməsinə qaytarılır. Nəbi bu yerləri yaxşı tanıyırdı, yeniyetmə çağlarından İrandan Şuşaya, Qarabağa gedən tacirlərə bu yollarda bələdçilik etmişdi. Kazak gözətçiləri, qaravullar atlı, Nəbi piyada qolları bağlı idi. Laçına çatmağa az qalmış dağ cığırından keçəndə Nəbi darısqal bir döngədə sıldırım qayalıqdan sıçrayıb yarğandan üzüaşağı tullanır, at belində qoluna bağlı kazakı özü ilə sürüyüb aparır, o dünyaya göndərib tüfəngin də götürüb aradan çıxır. Onun Şeyx Şamilin məşhur silahdaşı Hacı Muradın qaçışını xatırladan bu tullanışı geniş əks-səda doğurmuş, o dövrün qəzetlərində təsvir edilmişdi. Qaçaq Nəbinin həbsdən ikinci qaçışı da nadir cəsarət, şücaət nümunəsidir, heyif ki, dünyada bənzəri olmayan bu qəhrəmana çəkilmiş film, yazılan povest və romanlar Nəbinin gerçək qəhrəmalığının kölgəsində qalır.

Qaçaq Nəbi silahdaşları ilə Dərələyəz mahalının Uz kəndində erməni varlılarını rus əlaltısı Moses Markarov adlı varlı bir erməninin həyətinə toplayır, Moses Markarovdan üç tüfəng və 337 patron, Osip Sarkisovdan bir tüfəng və 57 patron, 591 rubl pul, qiymətli əşyalar, atlar alıb uzaqlaşır. Arxalarınca düşən kazak dəstəsi ilə Dulus kəndi ətrafında döyüşə girir, Nəbi dəstəsini iki hissəyə bölüb Ağkənd, Binis, Təzəkənd və Hortuyüz kəndləri həndəvərində də pusqu qurub xeyli rus sərhədçi, kazakı öldürür. Hökumət qüvvələrinin hər tərəfdən üzərinə gəldiyini görən Nəbinin dəstəsi təqibdən yayınaraq hər keçidinə bələd olduğu ilboyu başı qarlı, dumanlı, çənli Zəngəzur dağlarına tərəf gözdən itirlər. Lakin yolda o, Qafana bitişik Şabadin və Ecanan kəndlərində də varlı ermənilərin bir neçəsini öldürür, onlardan şikayət sənədlərində göstərilən 1000-1200 rubl dəyərində qənimət də əldə edib dağlara çəkilir.

Nəbinin türk-kürd kəndlərinin və bəylərinin həyati mənafeyini ermənilərdən və çar hökumətindən necə qorumasına dair fakt da arxivlərdə qalır. İrəvan qubernatorunun Tiflisə raportundan: “Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir və qoruyur”.

Qaçaq Nəbinin öldürülməsinə 5 general cəlb olunur

Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları - Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol general-qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan general-qubernatoru A.A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın görünürdü ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxır. Rus çarizminin Cənubi Qafqazdakı generallarının Qaçaq Nəbinin və dəstəsinin tam məhvinin Qacarlar İranı və Osmanlı dövlətlərinin köməyi olmadan mümkünsüzlüyü barədə raport, məlumatlarını nəzərə alan Peterburq sarayı ən təcrübəli xəfiyyələrindən olan general-leytenant D.Skalonu məxsusi olaraq Qafqaza ezam edir. Artıq 4 rus və Peterburq sarayının Tehrana ciddi təzyiqi ilə Müzəffərəddin şahın əsas generallarından olan Bahadır xan da bu sırada olmaqla 5 general Nəbiyə qarşı birləşir.

General-leytenant D.Skalon Peterburqa raportunda Qaçaq Nəbi ilə bağlı vəziyyəti izah edərək yazırdı: “Əhali hakimiyyət orqanlarına bu quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur”.

“Kafkaz” qəzeti Qaçaq Nəbini camaatın yardımından mərhum etmək üçün görülən tədbirlərdən yazırdı: “...qaçaq dəstəsini təqib və məhv etmək üçün hər ev üç manat verməlidir. Üç kənd əhlinə (Tivi, Nəsirvaz və Anazırlar) qaçaqlara daha artıq kömək edib, onları gizlətdikləri üçün üç manat vergi qoyulsun. Bununla bərabər, onlara elan edilsin ki, hərgah kəndlilərdən biri qaçaqlara pul köməyi edərsə, alınan xərcdən on dəfə artıq cərimələnəcəkdir”.

Qaçaq Nəbinin Ordubad pristavı Əlağa Əliyevi öldürməsi də yoxsul kəndlilərdən zülm ilə vergi yığdırmasının nəticəsi idi.

“Tiflisskiy listok”da Şeyxülislamın müraciəti dərc olunmuşdu. Şeyxülislam Qaçaq Nəbini kafir, dinsiz adlandırır və onun tezliklə tutulub asılmasını tələb edirdi. Yeri gəlmişkən qeyd edək ki, Şeyxülislamı Qafqaz canişinin təqdimi ilə imperator özü təyin edirdi.

İrəvan məhkəmə palatasının mütərcimi olmuş Məmməd Mirzəyev yazırdı: “Nəbi hərəkatı çar hökuməti və mülkədarlar üçün çox qorxulu idi. Çar hökuməti İran və Türkiyə hökumətləri ilə danışığa girib İran və Türkiyəyə çoxlu casus göndərmişdi. Hökumət Nəbini öldürən və ya onun öldürülməsində fəallıq göstərən casuslara çoxlu pul, qiymətli şeylər verməyi, onları vəzifəyə irəli çəkməyi, medulla təltif etməyi vəd etmişdi”.

Qaçaq Nəbinin qətlə yetirilməsi

Nəbi Urmiyada - Bətənin o biri yarısında etibarlı saydığı simsarlarının yanında yerləşdirirb İraqa - Kərbəla ziyarətinə yollanır. Nankor xainlər də bu müddətdə boş dayanmır, müvəqqəti Nəbisiz-başçısız qalmış dəstənin içərisindəki zəif bəndləri, xəyanətə meylli ünsürləri, bəlkə də artıq uzun illər davam edən çətin, məşəqqətli qaçaqçılıq-qaçqınlıq həyatından yorulanları tapa bilirlər, pul, qızıl, vəzifə, mal, torpaq vədləri ilə şirnikləndirirlər, ziyarətdən geri dönəcəyi günü, vədəni də öyrənirlər. Nəbi Kərbəla ziyarətinə dəstəsindəki silahdaşları İsmayıl, Məmmədtağı, bir də Məşədi Həsən Dəhvar ilə gedib qayıdırdı, Nəbi anası Gözəl, vəfalı ömür-gün yoldaşı, sirdaşı, silahdaşı Həcəri görmək həsrətilə tələsirdi. Çuğulçular günlərdi ki, onların izinə düşmüşdülər. Türkiyə ilə İran arasında yerləşən Larni kəndindəki dəyirmana çatanda güllə yağışına tutuldular. Şahhüseyn, Kərbəlayı İman, Hacı Fərəc, Məşədi Paşanın bələdçilik etdiyi rus və fars agentləri bu igidlərin qan içində çabalayan sifətlərinə baxmağa da qorxub geri baxmadan qaçırdılar. Qaçırdılar ki, xəyanətkar qətl planının müjdəsini verib rus, fars generallarından paylarını alsınlar. Onlar Nəbi və dostları ilə illərlə birlikdə savaş aparmışdı, mağara, kahalarda bir yerdə yatıb durmuşdu, ağır müsibətlər yaşamışdı, neçə-neçə dost itirmişdilər, indi isə duz-çörək yoldaşlarını al-qanına bələyib qaçırdılar. 12 mart 1896-ci il, Novruzun ilaxır çərşənbəsindən əvvəlki torpaq çərşənbəsi idi. El-oba güllə səslərini eşidib dəyirmana tərəf axışırdı, al qanları axıb torpaq çərşənbəsində torpağa qarışan Qaçaq Nəbi və silahdaşlarının soyumaqda olan bədənlərinə sarılırlar. Nəbinin cəmi 45 yaşı var idi, ömrünün yarıdan çoxunu at belində, cəlayi-vətən idi, o birilər də onun kimi. Dastanlar, aşıqlar el-obanın Nəbi sevgisinə, yasına, ağrı-acısına, nəşi, məzarı başındakı vay-şivəninə söz çələngi hörür, qoşma, gəraylılar qoşur. Azərbaycan türklərinin böyük şairi Məhəmmədhüseyn Şəhriyar “Qaçaq Nəbi” şeirində Nəbinin, həm də ikiyə bölünmüş Vətənin halını nəzmə çəkib.

Türkiyədə Qaçaq Nəbi - Qoç Həcər sevgisi ilə qoşulub 150 ildir məclislərdə söylənən türkülər dillər əzbəridir. Anadolu ellərində hər zaman Qafqazın İncə Məmmədi sayılan “Kaçak Nebi ile Kaçak Hacer” dastanı heyranlıqla dinlənilir, onların şəninə qoşulan el mahnıları Arazın o tay-bu tayında olduğu kimi sevilərək oxunur.Nəbi böyük hörmət izzətlə Larni kəndində dəfn olunur. Qaçaq Nəbinin məzarının yeri artıq bəllidir, abadlaşması, yaxud nəşinin Vətənə gətirilib dogma yurdunda – Qubadlının Mollu kəndində uyuyan Qaçaq Həcəri (1854-1919) ilə yanaşı dəfn edilməsi törəmələrinin arzusudur. Qaçaq Nəbidən bəhs edib vəfalı ömür-gün yoldaşı Həcər xanımdan danışmamaq bağışlanmaz günah olar. Bunlar qartalın qoça qanadlarıdır!

Qaçaq Nəbinin qətli müqabilində xain qatillərin nə qədər pul-para, qızıl aldıqları barədə də iltizamları, imzalı vəkalətləri, sonra da çar xəfiyyələrinin köməyi ilə Tiflisdə, İrəvanda gizləndikləri barədə sənədlərin surətləri AMEA Tarix İnstitutunun Elmi Arxivində saxlanır (ÇQİA Qruz. SSR.f.12, op.1,d.1-1473, v.3-4, 65. 1896, 13-15 mart).

2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsindən dərhal sonra Qaçaq Nəbinin və Qaçaq Həcərin dünyaya göz açdığı Qubadlının Mollu kəndində onların abidə kompleksi ucaldılıb. 1993-cü ilə Qubadlı şəhərində ucaldılmış qoşa büstlərinin yenidən bərpası gündəmdədir. Qaçaq Nəbinin savaş meydanı qərbi, şərqi ilə birlikdə Zəngəzurdur, Azərbaycanın qərbi, cənubu, şimalı – İrəvanı, Dərələyəzi, Vedisi, Naxçıvanı, Qaradağı, Urmiyası ilə birlikdə bütöv Azərbaycan olub, tarix boyu Azərbaycana qardaş, etibarlı arxa, dayaq olmuş Osmanlı Türkiyəsi olub, harda ehtiyac olurdusa Qaçaq Nəbinin dəstəsi orada peyda olurdu, el ona qucaq açırdı, o da elə sığınırdı. “Qanlı zəmi” bədii filmində xalq qəhrəmanı Qaçaq Nəbinin dediyi bu sözlər dillər əzbəridir: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz. Bunu sırğa elə, as qulağından” - sözləri bu günlər xüsusilə təsirlidir.

Vətən belə cəsur igidləri ilə Vətən olur, ucalır, böyüyür, şərəflənir. Xalqımız əvəzsiz, bənzərsiz qəhrəmanları Qaçaq Nəbi ilə Qaçaq Həcərin adlarını hər zaman sevgi, əbədi ehtiramla yaşadıb, yaşadır və əbədi yaşadacaqdır.

Hacı Nərimanoğlu

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
2
525.az

3Sources