ABŞ Prezidenti Donald Tramp dünya bazarında neft qiymətlərinin kəskin artmasının Amerika iqtisadiyyatı üçün yaratdığı maliyyə imkanlarını yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, Tramp ABŞ-ın hazırda dünyanın ən böyük neft istehsalçısı olduğunu xatırladaraq, qiymət artımının ölkə büdcəsinə rekord həcmdə gəlir gətirdiyini bildirib.
Prezident qeyd edib ki, Birləşmiş Ştatlar enerji resurslarının hasilatında lider dövlət olduğu üçün qlobal bazardakı bahalaşma ölkənin xeyrinə işləyir və "neft bahalaşanda biz çoxlu pul qazanırıq" ifadəsi ilə cari iqtisadi vəziyyəti xarakterizə edib.
Analitiklər Trampın bu bəyanatını Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının qismən blokadaya alınması fonunda "Brent" markalı neftin qiymətinin 100 dolları keçməsinə rəsmi Vaşinqtonun reaksiyası kimi qiymətləndirirlər.
Ağ Ev rəhbəri daxili bazarda yanacaq qiymətlərinin artmasından narahat olan vətəndaşlara mesaj verərək bildirib ki, bu müvəqqəti artım İranın hərbi təhlükəsinin tamamilə aradan qaldırılması və ABŞ-ın enerji müstəqilliyinin möhkəmlənməsi üçün ödənilən strateji bir bədəldir.
O, həmçinin vurğulayıb ki, ABŞ-ın artan neft gəlirləri ölkənin hərbi xərclərini kompensasiya etməyə və iqtisadi artımı stimullaşdırmağa imkan verir.
Musavat.com