EN

Yaxın Şərqdə GİZLİ SSENARİ – Ərəblər İranın hücumlarına niyə CAVAB VERMİR?

İran-ABŞ-İsrail münaqişəsi 15 yaxın qeyri-münaqişə iştirakçısına təsir edib. Belə ki, son 12 gündə Azərbaycan, Bəhreyn, İordaniya, İraq, Qətər, Kipr, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və digər ölkələr İranın hava hücumuna məruz qalıb.

Hücuma daha çox məruz qalan əsasən Ərəb dövlətləridir. Bu ölkələr demək olar ki, hər gün raket hücumuyla üzləşir.

Maraqlıdır ki, heç bir Ərəb dövləti edilən hücumlara görə İrana adekvat cavab vermir.

Buna səbəb nədir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib ki, ABŞ - İsrail birliyi ilə İran arasındakı müharibənin əsl hədəfləri və strateji əhəmiyyəti hələ də dünyaya fərqli mənzərədə təqdim olunur:

“Əgər İranın mübarizəsinin kökü Fələstin problemindən qaynaqlanırsa və İsraillə əsas düşmənçiliyinin səbəbi məlum məsələdirsə 1979-cu ildən bəri hakimiyyətdə olan Tehran rejimi nəyə nail olub? Yaxın Şərqdə proksi qüvvələr yaradıb İsrailə mütəmadi olaraq hücumlar təşkil etməklə süni təhdid mənzərəsi formalaşdırıb. İsrail isə bu təhdidləri əsas gətirərək həm ərazilərini genişləndirib həm də böyük miqdarda silahlanıb, hətta nüvə silahına da sahib olub. İsrail bütün bu qüdrəti İranın süni təhdidləri sayəsində əldə edib.

İrana da xalqı əsarətdə saxlamaq üçün daimi xarici təhlükə obrazı yaratmaq vacib idi.
 

Əgər İsrail olmasa idi, İran Yaxın Şərqdə bir ölkə tapıb onunla düşmən olacaqdı. Fərqli dini-ideoloji əsaslar üzərində qurulan İran hakimiyyəti digər müsəlman ölkələrinin inancından çox fərqli bir məfkurə əsasında bərqərar olub, əslində Sasani imperiyasının sərhədlərini bərpa etməyi hədəfləyirdi. İsrail hazırda "vəd edilmiş torpaqlar" və "Böyük İsrail" planını həyata keçirmək üçün qonşu ərəb ölkələrini müxtəlif siyasi manevrlərlə ram etmək istəyir”.


Fələstin “təəssübkeşliyi”

Müsahibimiz qeyd edib ki,İran əsl hədəfini gizlətmək və islam dünyasının əzabkeş qəhrəmanı obrazında təqdim olunmaq və liderliyi ələ almaq üçün müsəlmanların yaralı yeri olan Fələstin məsələsini istismar edir:

“Vaxtilə bu dava uğrunda ərəbləri birləşdirib real mübarizəyə qalxmaqda olan İraq lideri Səddam Hüseyni dayandırmaq üçün İsrail, Britaniya, Fransa və ABŞ dərhal İranda Xomeynini hakimiyyətə gətirib İraqla savaşa cəlb etdilər. Beləcə ərəblər Fələstin uğrunda mübarizəni təxirə salıb İranla müharibədə İraqı müdafiə etməyə məcbur qaldılar.

İsrail Fələstin uğrunda real mübarizə aparmaqda olan Səddam liderliyindəki ərəb birliyini İran - İraq müharibəsi ilə dağıdıb İranı müdafiə etdi. Hətta İraqın Fransadan tədarük edib zənginləşdirməkdə olduğu Oşirak nüvə obyektlərinə zərbə endirib məhv etdi. İsrail o dövrdə Xomeyninin İraq qarşısında məğlub olmaması üçün dəyəri 3 milyard dollardan artıq olan silah, sursat və təyyarə hissələri satmışdı.

Qərb İran vasitəsi ilə həm müsəlmanları parçalayır, həm də Fələstin uğrundakı mübarizəni dağıdırdı. İrandakı qatı məzhəbçi ideoloji xəttin davamiyyəti bütün müsəlman ölkələrində öz mənfi təsirini göstərirdi. Bugünkü müharibədə də yenə ABŞ və İsrail əsasən körfəz ölkələrini İrana qarşı savaşa cəlb edir. Çünki İsrail bu ölkələri İranla müharibədə başını qatıb Qəzzanı ilhaq etməklə Livanı tamamilə işğal etməyi planlaşdırır”.

İranın ərəb ölkələrini bombalaması İsrailin lehinədir.

Tural İrfan ərəb dövlətlərinin müharibəyə cəlb edilib zəiflədilməsi hər mənada İsrail üçün əlverişli şərait yaradır ki, bölgədə daha çox qanad açsın:

“ABŞ və İsrailin İrana hücumu xalqın etirazlarından müəyyən qədər laxlamış rejimi 10 gün ərzində heç vaxt olmadığı kimi gücləndirdi, xalqla daha çox birləşdirdi. Ali dini lideri xüsusilə Ramazan ayında vurmaqla ona şəhid statusu qazandırdı ki, bu da inanclı əhalidə daha da canlanma yaratdı. Hazırda ABŞ və İsrail əslində İran rejiminə təlim keçir, boşluqları doldurmaları üçün dərs verir və körfəz ölkələrinə qarşı amansız müharibəyə hazırlayır. ABŞ və İsrail bu savaşla İranda rejimə qarşı ayaqlanmaq istəyən xalqı geri oturtdu.

Hazırda rejim mənsubları bəyanat verir ki, etiraza qalxan istənilən kəs dərhal edam ediləcək. Göründüyü kimi, ABŞ-a daha radikal, daha barışmaz, müsəlman dövlətləri ilə, əsasən də körfəz ölkələri ilə daima mübarizədə olan İran lazımdır.
 

İran nə qədər ki, Suriyada Əsədi dəstəkləyib rejimini ayaqda saxlayırdı, Tehrana qarşı müharibə planı masada yox idi. Elə ki, İran Əsədi qoruya bilmədi, Türkiyə onun mənfur planlarını puç etdi, nəticədə İsrail İran dəstəkli Əsəd rejimindən sonadək istifadə edib Suriyanı işğal edə bilmədi.


Hazırda İran da İsrail də ciddi cəhdlə çalışır ki, Türkiyəni də savaşa cəlb etsinlər. Reallıqda İsrail Türkiyəni öz planları üçün maneə hesab edir. Əsl məqsəd ABŞ və İsrailin özlərinin savaşması deyil, köfəz ölkələri və İranı savaşdırmaqdır. Hələ ki, ABŞ və İsrailin əsas planı dalana dirənib. Körfəz ölkələrini həm İran, həm də İsrailin təhrikləri savaşa qoşulmağa cəlb edə bilmir”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
100
1
bizim.media

2Sources