Unikal.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, “Ağstafa Gənclər Evi” və “Qazax Gənclər Evi” sosial xidmət müəssisələrinin əməkdaşları, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətləri – qara zurna və nağara sədaları altında Kosa, Keçəl və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlayıb.
Bayram tədbirinin bədii hissəsindən əvvəl Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov iştirakçıları bayram münasibətilə təbrik edərək bildirib ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin mənəvi dəyərlərini yaşadan el bayramıdır. O qeyd edib ki, bu bayram yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edir. Belə tədbirlərin təşkili gənc nəsildə milli-mədəni dəyərlərə hörmətin və mədəni irsə marağın artırılmasına xidmət edir, eyni zamanda Keşikçidağın tarixi-mədəni irsinin tanıdılmasına mühüm töhfə verir.
Qoruğun direktoru Musa Mursaquliyev tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzində təşkil olunan tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrinin qorunması və təbliği, milli bayramlarımızdan biri olan Novruzun dəyərlərinin gənc nəslə çatdırılması, həmçinin Keşikçidağ mağaralar kompleksində yerləşən tarixi və mədəni irs nümunələrinin tanıdılmasıdır.
Tədbir çərçivəsində “Kitabi-Dədə Qorqud” dastanının prototipi hesab edilən Dədə Qorqudun dilindən ibrətamiz sözlər səsləndirilib, qonaqlar Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları, xalçalar və saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olublar.
Bununla yanaşı, xalq oyunları nümayiş etdirilib, gənc qızlar tərəfindən bayatı və haxıştalar söylənilib, milli musiqi alətlərində ifalar səsləndirilib, milli rəqslər təqdim olunub. Qonaqlara milli mətbəximizin ləziz təamlarından olan paxlava, şəkərbura, qoğal və göy kətəsi təqdim edilib.
Tədbir çərçivəsində, həmçinin qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Zəfər bağı”nda şəhid ailələri və qazilərin iştirakı ilə badam tingləri əkilib.












Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.