EN

Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...



Komputer texnologiyalarının həyatımıza sirayət etdiyi gizlin deyil. Xüsusən də uşaq və gənclərin rəqəmsal platformalardan istifadəsi geniş yayılıb. Biz uşaqların və gənclərin mənəvi tərbiyəsindən, inkişafından, psixoloji sağlamlığından danışırıqsa burada onların zərərli informasiyalardan qorunmasına çalışmalıyıq.

Bu gün informasiya texnologiyalarının geniş yayılmasının və əlçatanlığının nəticəsidir ki, uşaq və gənclərimiz təhlükəli məlumatlarla tanış ola bilirlər. Təkcə Azərbaycanda deyil, bütün dünyada uşaqlar bu problemlə üz-üzə qalıblar. Yəni informasiya-kommunikasiya texnologiyalarının inkişafının, rəqəmsal texnologiyaların tətbiqinin, sosial şəbəkələrin geniş istifadəsinin uşaqlar üçün yaratdığı risklər də zaman keçdikcə daha qabarıq şəkildə ortaya çıxır. Bu da dediyimiz kimi uşaqların zərərli informasiyadan qorunmasını zəruri edir.

Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” sərəncam uşaqların rəqəmsal təhlükəsizliyini təmin etmək üçün sistemli yanaşmanı, sosial şəbəkələrdə yaş məhdudiyyətini, məzmun filtrasiyasını və maarifləndirməni nəzərdə tutan yeni mərhələni başladır.

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə fevralın 27-də imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu sahədə özünü göstərən problemlərin aradan qaldırılmasında böyük rol oynayacaq.

Sərəncamın məqsədi baradə danışan ekspertlər vurğulayırlar ki, məqsəd uşaqları internetdəki zərərli məzmunlardan qorumaq, rəqəmsal rifahı təmin etmək və gələcək nəsillərin sağlam formalaşmasına şərait yaratmaqdır.

Məlumdur ki, sosial şəbəkələrdə qeydiyyat zamanı bəzən uşaqların yaşı nəzərə alınmır və onlar rəqəmsal platformalarda asanlıqla özlərinə hesab aça bilirlər. Bu sənəd isə qeydiyyat zamanı yaş yoxlama mexanizmlərinin tətbiqini və sosial platformaların məsuliyyətinin artırılması kimi məsələləri gerçəkləşdirəcək.

Məktəblərdə elektron cihazlardan istifadənin tənzimlənməsi və şagirdlərin rəqəmsal vasitələrdən məqsədli/məsuliyyətli istifadəsinin təşviqi də burada əsas yer tutur.

Maarifləndirmə məsələsi xüsusilə diqqətə alınıb və uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə və elmi tədqiqatların aparılmasını təlqin edir.

Rəqəmsal təhlükəsizlik dövlət, ailə və ictimai təşkilatların birgə məsuliyyəti kimi nəzərdə tutulur.

Bu tədbirlər həm də beynəlxalq konvensiyalara və qabaqcıl təcrübələrə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov bildirib ki, Azərbaycan Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı rəqəmsal transformasiya şəraitində uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir. “Sərəncam Konstitusiyanın müvafiq müddəalarına əsaslanaraq dövlətin uşaqların təhlükəsizliyini təmin etmək öhdəliyini hüquqi çərçivəyə salır və sistemli mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur. Bu sənəd yalnız məhdudlaşdırıcı xarakter daşımır, həm də tənzimləyici və inkişafetdirici funksiyanı yerinə yetirir. Məqsəd sosial şəbəkələrdən istifadəni qadağan etmək deyil, onların istifadəsini hüquqi, texnoloji və pedaqoji mexanizmlərlə təhlükəsiz müstəviyə gətirməkdir”.

Professor mətbuata bildirib ki, rəqəmsal texnologiyaların genişlənməsi nəticəsində uşaqlar erkən yaşlardan internet mühitinə daxil olublar. “Eyni zamanda, informasiya axını nəzarətsiz şəkildə artıb, uşaqların yaşlarına uyğun gəlməyən məzmunla tanış olma riskləri yüksəlib, kibertəhlükəsizlik problemləri genişlənib, kiberzorakılıq və manipulyativ təsirlər artıb, şəxsi məlumatlardan qeyri-qanuni məqsədlərlə istifadə halları genişlənib. Ölkədə baş verən bu proseslərin nəticəsi olaraq uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı hüquqi standartların yaradılması zərurəti yaranıb. Çünki uşaqların rəqəmsal təhlükəsizliyi yalnız ailənin deyil, həm də dövlətin və ictimai təşkilatların birgə məsuliyyət daşıdığı sahədir.

Sərəncam sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə sosial platformaların məsuliyyətini artırır, yaş yoxlama mexanizmlərinin yaradılmasını nəzərdə tutur və uşaqların təhlükəsiz rəqəmsal mühitdə iştirakını tənzimləyir. Məqsəd nəzarətsiz qeydiyyatın qarşısını almaq və yaşa uyğun filtrasiya sistemi formalaşdırmaqdır.

Beynəlxalq konvensiyalara və qabaqcıl ölkələrin rəqəmsal təhlükəsizlik modellərinə uyğunlaşdırılan Sərəncamın müvafiq müddəaları milli qanunvericilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bu, həm də sosial şəbəkə operatorlarının məsuliyyətinin artırılmasını tələb edir. Məktəb və təhsil müəssisələrində mobil və elektron cihazların istifadəsinin tənzimlənməsi tədris prosesində diqqətin yayılmasının qarşısını almağa, şagirdlərin texnologiyadan məqsədli və məsuliyyətli istifadəsini təmin etməyə, akademik mühitdə rəqəmsal vasitələrin balanslı tətbiqinə xidmət edir. Bu yanaşma qadağa deyil, əksinə, idarə olunan və pedaqoji əsaslara söykənən tətbiq modelidir”, - deyə professor bildirib.

Ekspertlər qeyd edir ki, rəqəmsal savadlılıq müasir dövrün vacib bacarıqlarından biridir. Uşaqlar informasiyanı tənqidi təhlil etməyi, saxta xəbərləri ayırd etməyi, şəxsi məlumatlarını qorumağı və onlayn etik davranış qaydalarına əməl etməyi öyrənməlidirlər. Bu bacarıqlar formalaşmadan təhlükəsiz və sağlam informasiya mühiti qurmaq mümkün deyil.

Ekspertlər deyirlər ki,Prezident İlham Əliyevin sərəncamında məhz bu sosial reallıqlar nəzərə alınıb.

Hesab etmək olar ki, bu sənəd uşaqlarımızın sosial şəbəkə bəlasından xilas olmasına ciddi təkan verəcək və aidiyyəti qurumlar, məktəblər, valideynlər, cəmiyyət bu istiqamətdə öz həmrəyliyini, birgə fəaliyyətini ortaya qoyacaq. Çünki bu elə bir problemdir ki, onun həlli üçün hər kəs öz üzərinə düşəni etməlidir. Uşaqlar bizim gələcəyimizdir və bu gələcəyin bütün mənalarda sağlam olması bizim ən böyük qazancımızdır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

Chosen
24
2
baki-xeber.com

3Sources