Rusiyada hakimiyyət daxilində kadr dəyişiklikləri davam edir və prezident Vladimir Putinin keçmiş müdafiə naziri Sergey Şoyqunun komandasında yer alan şəxsləri tədricən vəzifələrdən uzaqlaşdırdığı müşahidə olunur.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibinin köməkçisi vəzifəsində çalışan general Pavel Konovalçiki vəzifəsindən azad edib.
Müvafiq fərman hüquqi aktların rəsmi portalında dərc olunub.
Konovalçik Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun komandasında yer alan şəxslərdən biri hesab olunurdu. O, əvvəllər Müdafiə Nazirliyində Şoyqunun rəhbərliyi altında xidmət edib və bəzi məlumatlara görə, informasiya əməliyyatları qoşunlarına rəhbərlik edib.
General 2024-cü ilin iyulunda, Şoyqunun yeni vəzifəyə təyin edilməsindən qısa müddət sonra Təhlükəsizlik Şurasının aparatına keçmişdi.
ABŞ-ın CNA analitik mərkəzi Konovalçiki hərbi kəşfiyyatın texniki bölməsi sayılan GRU-nun 85-ci mərkəzi ilə əlaqələndirirdi. ABŞ Ədliyyə Nazirliyi isə həmin strukturun ABŞ Demokrat Partiyasına, Avropa hökumətlərinə və beynəlxalq təşkilatlara qarşı kiberhücumlarda ittiham olunan Fancy Bear haker qrupunun fəaliyyətinə nəzarət etdiyini iddia edir.
Konovalçikin vəzifədən azad edilməsi Şoyqunun ətrafında gedən genişmiqyaslı kadr dəyişikliklərinin növbəti epizodu kimi qiymətləndirilir. Son aylarda keçmiş müdafiə nazirinin komandasından olan bir çox yüksək vəzifəli şəxslər ya postlarını itirib, ya da cinayət işləri ilə üzləşiblər.
Bir həftə əvvəl Şoyqunun yaxın tərəfdaşlarından biri sayılan sabiq müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov saxlanılıb.
Bundan əvvəl isə eks-nazirin digər müavinləri – Dmitri Bulqakov, Pavel Popov və Timur İvanov barəsində də cinayət işləri açılıb. Timur İvanov dövlət vəsaitlərinin mənimsənilməsi və israfına görə 13 il həbs cəzasına məhkum edilib. Ona qarşı əlavə olaraq 1,4 milyard rubl məbləğində rüşvət işi də araşdırılır.
Musavat.com