AZ

Şoyqunun keçmiş müavininin oğulları milyonçu imiş – yüz milyonlarla rubl depozitlər üzə çıxdı

Rusiyada korrupsiya ittihamı ilə saxlanılan sabiq müdafiə nazirinin müavini Ruslan Tsalikovun ailəsinin böyük maliyyə aktivlərinə malik olduğu barədə yeni məlumatlar ortaya çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı Tsalikovun iki oğlunun bank hesablarında yüz milyonlarla rubl depozit olduğu müəyyən edilib. Bu vəsaitlərin həcmi onların rəsmi gəlirləri ilə müqayisədə xeyli yüksək görünür.

Məlumata görə, Tsalikovun kiçik oğlu Zaur Tsalikovun hesabında təxminən 316 milyon rubl depozit olub. Bu vəsait “Moskva Kredit Bankı”nda saxlanılıb. Halbuki vergi məlumatlarına görə, onun rəsmi gəliri xeyli azdır – məsələn, 2020-ci ildə gəliri cəmi 2,8 milyon rubl təşkil edib. Zaur həmin dövrdə ölçü cihazları istehsal edən “Telematik həllər” şirkətində çalışıb.

Böyük oğlu Daniel Tsalikovun isə “Sberbank”da 37 milyon rubl depoziti olduğu bildirilir. Onun illik gəliri müxtəlif illərdə 3–5 milyon rubl civarında olub. Daniel “Birləşmiş Aviasiya Korporasiyası”nda və üz tanıma texnologiyaları hazırlayan VisionLabs şirkətində işləyib.

Araşdırmaya görə, Ruslan Tsalikovun özünün bank hesablarında saxladığı məbləğ daha azdır – təxminən 9,4 milyon rubl. Bu vəsait “Promsvyazbank”da depozit kimi yerləşdirilib.

Tsalikovun oğulları eyni zamanda daşınmaz əmlak idarə edən “Dominus Zed” şirkətinin təsisçiləridir. Şirkətin rəsmi mənfəəti böyük olmasa da, onun adına ciddi aktivlər qeydiyyata alınıb. Məlumata görə, Domodedovoda yerləşən yarım milyard rubl dəyərində iki torpaq sahəsi və Moskvada təxminən 2 milyard rubl dəyərində beş qeyri-yaşayış sahəsi bu şirkətin balansındadır.

Tsalikovun qızları Yuliya və Yelizaveta da biznes fəaliyyəti ilə məşğuldur. Onların daşınmaz əmlak idarə edən “Tektum” şirkəti var və 2024-cü ildə bu şirkətin mənfəəti 19 milyon rubl təşkil edib.

Bundan əlavə, müxtəlif məlumat sızmalarına görə, Tsalikov ailəsinin Moskva yaxınlığındakı Barvixa bölgəsində bir neçə malikanəsi var. Bu evlər eks-nazir müavininin övladlarının və anasının adına rəsmiləşdirilib və onların ümumi dəyərinin 500 milyon rubldan çox olduğu bildirilir. Tsalikovun həmçinin Rublyovkada 1 milyard rubl dəyərində torpaq sahəsi və Moskvada 80 milyon rubl qiymətləndirilən mənzili olduğu qeyd edilir.

Xatırladaq ki, Ruslan Tsalikov martın 5-də saxlanılıb. Ona qarşı cinayət işi cinayətkar birlik yaratmaq, büdcə vəsaitlərini mənimsəmək, rüşvət almaq və pulların yuyulması maddələri üzrə açılıb.

İstintaqın versiyasına görə, Tsalikov 2017–2024-cü illər arasında dövlət vəsaitlərinin mənimsənilməsi ilə məşğul olan mütəşəkkil qrup yaradıb. Buna baxmayaraq, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməyərək ev dustaqlığı qərarı verib.

Musavat.com

Seçilən
27
9
musavat.com

10Mənbələr