EN

Qələbəni fərqli qeyd edən idman ulduzları: Gecə klubları, bahalı pələng, hamam otağında fişəng - FOTO

Böyük qələbələrdən sonra idmançılar adətən mətbuat konfransı, müsahibə, yaxud rəsmi tədbirlərlə kifayətlənirlər. Lakin bəziləri tam fərqli yol seçir - dəbdəbəli məclislər, bahalı şopinq və ya mediada uzun müddət müzakirə olunan oxşar hadisələr. İdman tarixində elə hallar var ki, qələbənin özü qədər onun qeyd olunma tərzi də yadda qalıb.

Useyn Bolt – bir neçə gün davam edən məclis

İdman.Biz xəbər verir ki, Pekin-2008 və London-2012 Olimpiadalarındakı zəfərlərdən sonra yamaykalı sprinter sakit istirahətdən imtina edir. O, finişdən dərhal sonra dostları və böyük bir kompaniya ilə gecə klublarına yollanır.Bu məclislər bəzən iki-üç gün davam edirdi. U. Bolt özü bunu sadə izah edirdi: yarışdan sonra yaranan adrenalini dərhal sakit rejimlə əvəz etmək asan deyil.

O, bəzən məclislərdə dicey pultunun arxasına keçir, medalını boynundan çıxarmadan rəqs edir və foto-kameraların obyektivinə tuş gəlirdi. Olimpiya çempionunun səhər tezdən fastfud sifariş etdiyi fotolar ən az finiş kadrları qədər dolaşmışdı. Bu məclislər onun haqqında “planetin ən sürətli insanı” ilə yanaşı, ən böyük “party-sevər” obrazını da formalaşdırdı.

Mayk Tayson - kubok əvəzinə pələng

1990-cı illərdə boksçu yalnız qələbələri ilə deyil, böyük xərcləri ilə də gündəmdə idi. Çempion olduğu növbəti dueldən sonra Tayson 70 min dollara benqal pələngi almışdı. M.Tayson “Keniya” adlı yırtıcını Las-Veqasdakı malikanəsinin həyətində saxlayırdı.

Pələng qısa müddətdə onun imicinin bir hissəsinə çevrildi. Tayson heyvanla şəkillər çəkdirir, onu ipdə gəzdirir, hətta qonaqlara sığallamağa icazə verirdi. Media isə bu hekayəni boks duelindən az yayımlamırdı.

Sonralar idmançı etiraf etmişdi ki, pələngi saxlamaq ayda minlərlə dollara başa gəlirdi və bu qərar tam impulsiv idi. Heyvan böyüyüb təhlükəli olduqdan sonra Tayson onu qoruğa təhvil vermişdi.

Mario Balotelli - hamamda fişəng

2011-ci ildə “Mançester Siti” klubunda çıxış edən Balotelli futbol tarixinin ən qəribə məclislərindən birinə imza atmışdı. Vacib oyundan əvvəl o, evində dostları ilə qələbəni qeyd edir və hamam otağında fişəng buraxmaq qərarına gəlir.

Fişənglərdən biri dəsmalların üzərinə düşərək onları alışdırır, alov isə pərdələrə keçərək evdə yanğın yaradır. Yanğınsöndürənlər hadisə yerinə tez gəlsələr də, zərər on minlərlə funt sterlinq qiymətləndirilmişdi.

Maraqlıdır ki, ertəsi gün Balotelli meydana çıxaraq qol vurdu və sevinərkən üzərində məşhur “Why always me?” (“Niyə həmişə mən?”) yazısı olan köynəyi göstərdi. Bu epizod onun gözlənilməz və qalmaqallı futbolçu obrazını daha da gücləndirdi.

İdman tarixində qələbələr çoxdur, amma onların bəzisi yalnız nəticə ilə yox, qeyd olunma tərzi ilə də yadda qalır. Bəzən bir məclis, bir alış və ya bir səhv addım illərlə danışılan hekayəyə çevrilir.

İdman.Biz
Chosen
41
1
idman.biz

2Sources