EN

Azərbaycanlı biznesmenin 8 milyardlıq kurort u əlindən alınır Şirkətinə də HƏBS QOYULDU

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Tuapse şəhər məhkəməsi prokurorluğun “Sipayn Resort” adlı tikilməkdə olan kurort kompleksinin Rusiya Federasiyasının gəlirinə keçirilməsi ilə bağlı iddiasını icraata qəbul edib. Bu kompleksin benefisiarı azərbaycanlı iş adamı Şahlar Novruzov hesab olunur.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, dəyəri təxminən 8 milyard rubl olan obyektin 2026-cı ildə açılması planlaşdırılsa da, hazırda tikinti işləri yalnız yarıya qədər tamamlanıb.

Məlumata görə, Tuapse rayon məhkəməsi eyni adlı kurort kompleksinin tikintisini həyata keçirən “Sipayn Resort” MMC-nin əmlakına həbs qoyub.

Həbs qoyulan əmlakın sırasına Tuapse rayonunun Sosnovıy qəsəbəsində yerləşən, sahəsi 56 min kvadratmetr olan və hazırda 56% tikinti səviyyəsində olan yarımçıq rekreasiya kompleksi, həmçinin ona məxsus torpaq sahəsi daxildir.

“Sipayn Resort” şirkətinin aktivləri ilə yanaşı, məhkəmə şirkətin benefisiarı olan azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakına da həbs qoyub. Həbs qoyulan əmlaklar arasında Tuapse rayonunda torpaq sahələrindəki payları da var. Bundan əlavə, təminat tədbirləri çərçivəsində Novruzovun yaşayış evi, bank hesablarındakı vəsaitlər, həmçinin “Mercedes” və “Lexus” markalı avtomobilləri də həbs edilib.

Bütün bu qərarlar Tuapse rayonlararası prokurorunun Şahlar Novruzova məxsus əmlakın dövlət gəlirinə keçirilməsi ilə bağlı iddiasına baxılmağa hazırlıq mərhələsində qəbul edilib.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, iddianın qaldırılmasına səbəb “Sipayn Resort” beşulduzlu kurortunun tikintisi zamanı təbiətin mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması barədə cinayət işinin materialları olub.

Layihə 2022-ci ildə Tuapse rayon administrasiyası tərəfindən razılaşdırılıb. Tikinti üçün ilkin icazə Sərxan Şahlar oğlu Novruzova (Şahlar Novruzovun oğlu) verilib, daha sonra isə icazə sənədləri “Sipayn Resort” şirkətinə keçib. Layihəyə təxminən 8 milyard rubl investisiya qoyuluşu planlaşdırılıb və obyektin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Lakin 2024-cü ildə tikinti dayandırılıb. Prokurorluğa məlum olub ki, tikinti işləri zamanı su mühafizə zonasında torpaq qatı dağıdılıb. Yaranan tullantılar isə Qara dənizə axıdılıb və nəticədə sahil xəttinin landşaftı dəyişib. Prokurorluq ekosistemə vurulan ziyanın ödənilməsi üçün “Sipayn Resort” şirkətinə qarşı məhkəməyə 1 milyard rubl məbləğində iddia qaldırıb.

Eyni zamanda, təbiətin mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması faktı üzrə özbaşınalıq və ağır nəticələrə səbəb olan ekoloji normaların pozulması maddələri ilə cinayət işi başlanıb.

İttihamlar Tərxan Həsənzadəyə (Şahlar Novruzovun qardaşı oğlu və Sipayn Resort şirkətinin baş direktoru) və podratçı şirkətin rəhbəri Rasim Cabbarova qarşı irəli sürülüb.

2025-ci ilin noyabrında isə Şahlar Novruzov və onun etibarlı şəxsləri ən böyük aktivlərini itiriblər: Krasnodar diyarı Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Tuapse Dəniz Kommersiya Limanı, “Predpriyatiye TMKP”, “Dar Frut” və “Temryuk Dəniz Yükötürmə Terminalı” şirkətlərinin dövlət xəzinəsinə keçirilməsi barədə qərar çıxarıb. Bu şirkətlər Şahlar Novruzova və onun tərəfdaşlarına, o cümlədən Georgiu Yorgus (Kipr) və Vonixel Limited (Britaniya Vircin adaları) şirkətinə məxsus olub.

Məhkəmə müəyyən edib ki, xarici dövlətlərin rezidentləri Rusiya üçün strateji əhəmiyyət daşıyan aktivlərin əldə edilməsi qaydalarını pozublar. Nəticədə qanunsuz əməliyyatlar səbəbindən Qara dəniz sahilində yerləşən və mühüm nəqliyyat infrastrukturu yaxınlığında olan Tuapse limanındakı yükaşırma obyektləri xarici sahiblərin nəzarətinə keçmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
3
lent.az

4Sources