Ukrayna prezidenti Volodymyr Zelenskyy daha bir azərbaycanlı döyüşçünü yüksək dövlət mükafatı ilə təltif edib. Azərbaycanlı hərbçi Emin Həsənov “İgidliyə görə” ordeninə layiq görülüb.
Musavat.com xəbər verir ki, Emin Həsənov 2015-ci ildən etibarən könüllü olaraq müxtəlif dövrlərdə Ukrayna ordusunun tərkibində döyüşlərdə iştirak edib.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra isə o, daimi olaraq cəbhə xəttində xidmət göstərir.
Döyüş yoldaşlarının ona verdiyi “Türk” ləqəbi ilə tanınan azərbaycanlı hərbçi Kiyevin müdafiəsində, həmçinin Donbas, Zaporojye və Xarkiv istiqamətlərində aparılan döyüşlərdə xüsusi qəhrəmanlıq nümayiş etdirib.
Məlumata görə, Emin Həsənov bir neçə dəfə ağır yaralansa da, müalicə aldıqdan sonra yenidən cəbhə xəttinə – komandiri olduğu bölüyə qayıdaraq döyüşləri davam etdirib.
Bu barədə məlumatı Ukraynadakı azərbaycanlı qazilər və döyüşçülər təşkilatının sədri Vidadi İsrafilov açıqlayıb.
Musavat.com