EN

Azərbaycanda vəkillərin sayı artdı – 50 nəfər and içdi - FOTOLAR

Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə 50 namizəd vəkil andı içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.

Musavat.com xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb. Anar Bağırov çıxışında həmçinin Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli sərəncamı və 19 noyabr 2025-ci il tarixli fərmanı ilə vəkillik sahəsində həyata keçirilən islahatların bu institutun inkişafına mühüm töhfə verdiyini bildirib.

Sədrin sözlərinə görə, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi genişləndirilib və bu müddət ərzində 16 test imtahanı keçirilib. İmtahanlarda iştirak edən 6 min 893 namizəddən 2 min 36 nəfər uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Bu gün keçirilən mərasimdə isə daha 50 namizəd vəkil andı içərək Kollegiyanın üzvlüyünə qəbul edilib. Bununla da Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2 min 867 nəfərə çatıb.

Yeni qəbul olunan vəkillərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfər regionlarda, 44 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbuldan sonra qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu da ümumi vəkil korpusunun təxminən 22 faizini təşkil edir.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını vurğulayıb.

Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov isə gənc vəkillərə fəaliyyətlərində qanunun aliliyinə sadiq qalmağı və insan hüquqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi tövsiyə edib.

Daha sonra vəkilliyə qəbul olunmuş namizədlər Azərbaycan Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini qoruyacaqlarına, insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.

Mərasim zamanı yeni vəkillərə vəkil vəsiqələri təqdim olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
30
musavat.com

1Sources