Zəngilanda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib.
APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və digər rəsmi şəxslər iştirak edib.
Vüqar Kərimov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası və yeni yaradılan milli parklar, bu ərazilərin biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə həyata keçirilən ekoloji fəaliyyətlər, həmçinin “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi haqqında məlumat verib.
İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işğaldan azad edilmiş Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bu istiqamətdə aparılan işlərə və göstərilən davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini nəzərə alaraq, tikinti ərazilərinə düşən yaşıllıqlarla bağlı məsələlərin, eləcə də yeni salınan kəndlərdə yaşıllıq və torpaq sahələrinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova bildirib ki, ötən il Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 milyon kubmetr təşkil edib.
“Şərqi Zəngəzurda çayların illik su ehtiyatı isə 1622,6 milyon kubmetr təşkil edib. Bu ərazilərin çay suları ölkənin daxili su ehtiyatlarının təxminən 24 faizinə bərabərdir”, – o vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev çıxışında qeyd edib ki, azad edilən ərazilərdə mina problemi səbəbindən meşə sahələrinin inventarlaşdırılmasında çətinliklər yaranır.
“Türkiyə təcrübəsindən istifadə edilərək peyk vasitəsilə meşə sahələrinin inventarlaşdırılması həyata keçirilir. Yeni xüsusi mühafizə olunan milli parkın yaradılması üçün tədqiqat işləri aparılır. Yeni milli parkın ərazisi 90 min hektardan artıq olacaq və azad edilmiş bir neçə rayonu əhatə edəcək. Bununla bağlı sənədlər artıq hazırlanıb”, – o bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Amid Səfiyev isə bildirib ki, azad edilmiş ərazilərdə tullantıların idarə olunması üçün infrastrukturun yaradılması nəzərdə tutulur: “Füzuli və Zəngilanda ötürücü məntəqələrin tikintisi planlaşdırılır. Həmçinin Xocalı, Xocavənd və Ağdərədə poliqonların tikintisi, Ağdam və Cəbrayılda poliqonların yaradılması, eləcə də Qubadlı, Kəlbəcər və Laçın rayonlarında poliqonların tikintisi nəzərdə tutulub”.
Daha sonra iclasda müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi və fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə olunub.
***
12:24
Zəngilanda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.
APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və digər rəsmi şəxslər iştirak edirlər.