EN

Zəngəzur dəhlizi: Geosiyasi şahmat taxtasında ortaq məxrəc - ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

Müasir dünya nizamı böyük güclərin amansız rəqabət meydanına çevrilib. Lakin elə məqamlar var ki, orada maraqların toqquşması deyil, kəsişməsi tarixin gedişatını dəyişir. Bu gün bu ortaq marağın adı Zəngəzur dəhlizidir. Çin, Rusiya, Avropa İttifaqı və ABŞ – hər biri fərqli qütbləri təmsil etsə də, bu coğrafi zolaqda hamısının nəzərləri bir nöqtəyə dikilib.

Bunu AZƏRTAC-a açıqlaması zamanı siyasi şərhçi Araz Balayev deyib.

O bildirib ki, indi əsas mübarizə Orta Dəhliz boyu ticarətin kritik nöqtələrinə daha çox nəzarət üstündədir.

“Misal üçün, Rusiya Zəngəzur dəhlizinin öz nəzarətində saxlanılması uğrunda mübarizə aparırdı və bu mübarizəni ABŞ-yə uduzdu. Ötən il baş tutan Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə Birləşmiş Ştatların nəzarət edəcəyi bəlli oldu. Yalnız Zəngəzurda yox dünyanın müxtəlif regionlarında bu dörd geosiyasi rəqib bir-biri ilə gərgin mübarizə aparır. Hətta son dövrlərdə bu mübarizənin müharibələrlə nəticələndiyini görürük. İstər Rusiya-Ukrayna savaşı, istərsə də İran ətrafında baş verənlər bu dörd qlobal gücün mübarizəsinin nəticəsidir. Bir sözlə ortaq nöqtə tapılmadıqda müharibə qaçılmaz olur. Elə Zəngəzur dəhlizi ilə bağlı da bu qədər fərqli mövqelər səbəbindən narahatlıqlar var idi. Amma burada Prezident İlham Əliyevin siyasi zəkası bütün tərəfləri ortaq mövqeyə cəmləyə bildi. O, sadəcə bir ölkənin maraqlarını deyil, bütün tərəflərin ehtiyac duyduğu yeganə faktoru – təhlükəsiz və davamlı ticarət imkanını masa üzərinə qoydu. İlham Əliyev bütün qlobal oyunçuları inandırdı ki, Zəngəzur dəhlizi kimisə oyundan kənarlaşdırmaq üçün deyil, hər kəsi qazandırmaq üçün nəzərdə tutulub. Bu gün Zəngəzur dəhlizi artıq yalnız Şərqlə Qərbi birləşdirən üfüqi xətt deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanın təqdim etdiyi bu model rəqibləri tərəfdaşa, münaqişə potensialını isə iqtisadi tərəqqiyə çevirən nadir diplomatik uğurdur”, - deyə siyasi şərhçi əlavə edib.

Chosen
46
1
azertag.az

2Sources