EN

İranın ixrac qadağası– Azərbaycanda yağ və quru meyvə bahalaşmanın astanasında

Regionda artan gərginlik fonunda İran hökuməti bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edib. Qadağa martın 3-dən qüvvəyə minib və növbəti rəsmi bildirişə qədər davam edəcək. Rəsmi Tehran qərarın ölkə daxilində ərzaq təminatını qorumaq, mümkün qıtlığın qarşısını almaq və qiymət artımını cilovlamaq məqsədi daşıdığını bildirir.

Məsələ ilə bağlı Astana şəhərində jurnalistlərə açıqlama verən İranın fövqəladə və səlahiyyətli səfiri Əli Əkbər Jokar da təsdiqləyib ki, qərar daxili bazarın sabitliyini qorumağa hesablanıb. Diplomatın sözlərinə görə, məhdudiyyətlərə baxmayaraq, İranla tərəfdaş ölkələr arasında nəqliyyat və logistika marşrutları fəaliyyətini davam etdirir. Məsələn, Qazaxıstan ilə dəniz, avtomobil və dəmir yolu daşımaları normal rejimdə saxlanılır.

Bununla belə, İranın qlobal kənd təsərrüfatı bazarındakı payı nəzərə alınanda qərarın təsirləri regionla məhdudlaşmaya bilər. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, İran dünyada püstə istehsalının təxminən 18 faizini, albalı istehsalının 6 faizini və arpa istehsalının 2 faizini təmin edir. Bu məhsulların ixracına qoyulan qadağa beynəlxalq bazarlarda təklifin azalmasına və qiymətlərin artmasına səbəb ola bilər.

Qadağa Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə tətbiq olunub. Regiondakı vəziyyətin təsiri ilə Küveyt də bəzi ərzaq məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq etdiyini açıqlayıb.

Məlum məsələdir ki, Azərbaycan da bir sıra kənd təsərrüfatı məhsullarını İrandan idxal edir. Hazırda ölkələr arasında ticarət dövriyyəsi davam etsə də, ixrac qadağası Azərbaycan bazarında bəzi məhsulların qiymətinə təsir göstərə bilər. Xüsusilə meyvə, quru meyvə, püstə, qoz-fındıq məhsulları və bəzi tərəvəzlərin bahalaşması ehtimalı istisna edilmir. Əgər məhdudiyyətlər uzun müddət davam etsə, alternativ tədarük bazarlarının axtarışı qaçılmaz olacaq və bu da qiymətlərin formalaşmasına birbaşa təsir edə bilər.

akif-nesirli.jpeg


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a bildirib ki, İran hökuməti müharibənin sonuna qədər ölkə daxilində vəziyyət stabilliyini qorumaq istəyir. Bu səbəbdən bəzi ərzaq məhsullarına qadağalar tətbiq olunub:

“Düşünmürəm ki, İrandan məhsul gəlişi məhdudlaşdırılsa, Azərbaycanda qıtlıq yaranacaq. Qıtlıq baş verməyəcək. Sadəcə, İrandan gələn məhsullar əvvəllər daha ucuz başa gəlirdi. Ölkənin Azərbaycana həm yaxınlığı, həm də digər səbəblər buna təsir edirdi. İndi isə İrandan məhsullar gəlməsə və ya azalsa, digər regionlardan idxal olunan daha bahalı məhsullar bazarda qiymət artımına səbəb olacaq. Yəni qıtlıq olmasa da, müəyyən məhsul seqmentlərində qiymət artımı qaçılmazdır”.

İqtisadçı deyib ki, qiymət artımının davamlılığı müharibənin İranda davam etmə müddətindən asılıdır:

“Görünür ki, tərəflər hələ razılığa gələ bilməyib və müharibə bir neçə həftə davam edə bilər. Bu müddətdə İrandan gələn məhsulların analoqları ölkədə daha yüksək qiymətlərlə tədarük olunacaq.

Azərbaycan İrandan əsasən quru meyvələr, çərəzlər, kartof və bəzi digər ərzaq məhsullarını idxal edir. Soğan isə bu siyahıda çox yer tutmur. Məsələn, ölkəmizin idxal etdiyi kərə yağının 76%-i İrandan gəlir. İrandan idxal olunan kərə yağının gömrük qiyməti təxminən 10–11 manatdır, digər mənbələrdən gələn isə 18–20 manat civarındadır. Yəni İrandan idxal olunan məhsullarla digər ölkələrdən idxal olunan məhsullar arasında qiymət fərqi böyükdür və bazarda bu fərq bahlaşma yaradacaq”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
4
musavat.com

1Sources