EN

Rusiyada tələbələrlə bağlı İLGİNC SEÇİM

Rusiyada bəzi ali məktəblərin tələbələrini pilotsuz uçuş aparatları (PUA) bölmələrinə cəlb etmək üçün təzyiq və müxtəlif üsullardan istifadə etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, hüquq müdafiəçilərinin məlumatına görə, bəzi universitetlərdə zəif oxuyan tələbələrə universitetdən xaric edilmək əvəzinə hərbi xidmətə getmək və “akademik məzuniyyət” götürmək təklif olunur.

Bildirilir ki, xidmət başa çatdıqdan sonra onların yenidən təhsilini davam etdirə biləcəyi və hətta büdcə yerlərinə keçə biləcəyi vəd edilir.

Bəzi ali məktəblərdə isə tələbələr üçün PUA operatoru üzrə paralel təlimlər təşkil olunur. Bu məqsədlə tələbələr pilotsuz aparatlarla tanışlıq üçün “peşə yönümlü ekskursiyalara” və “vətənpərvərlik forumlarına” aparılır.

Məlumata görə, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində pilotsuz aparatların idarə olunması üzrə kurslar hətta məcburi elan edilib. Bu dərslərə qatılmaqdan imtina edən tələbələrə universitetdən xaric olunacaqları, bunun isə avtomatik olaraq hərbi xidmətə çağırış demək olduğu bildirilib.

Hüquqşünaslar qeyd edir ki, tələbələr bu cür proqramlarda iştirakdan imtina edə bilərlər. Lakin şikayət və müraciət edən şəxslərin kimliyinin açıqlanması ehtimalı olduğundan bəzi hallarda universitet rəhbərliyinin yalnız sözlü təzyiqlə kifayətlənməsi daha real görünür.

Verilən vədlərə görə, dron bölmələrində xidmət müqaviləsi bir illik bağlanır və sonra mülki həyata qayıtmaq mümkündür. Lakin hüquqşünasların sözlərinə görə, müqavilədə 3 aylıq sınaq müddəti nəzərdə tutulur və həmin müddətdən sonra uyğun hesab edilməyən şəxslər digər hərbi bölmələrə – o cümlədən hücum piyada bölmələrinə də göndərilə bilər.

Bundan əlavə, Rusiyada elan olunmuş “qismən səfərbərlik” barədə prezident fərmanı səbəbindən Müdafiə Nazirliyi ilə bağlanan müqavilələrin faktiki olaraq müddətsiz sayıldığı qeyd olunur. Bu isə könüllü kimi cəlb olunan şəxslərin xidmət müddətinin uzadılması riskini artırır.

Mütəxəssislərin fikrincə, hakimiyyətin tələbələrə yönəlməsinin əsas səbəblərindən biri gənclərin pilotsuz texnologiyalarla daha yaxşı işləməsi və bu sahədə yeni yaradılan qoşun növlərinə kadr çatışmazlığıdır. Bildirilir ki, ilin sonunadək bu bölmələrə təxminən 80 min nəfərin cəlb olunması planlaşdırılır.

Musavat.com

Chosen
16
musavat.com

1Sources