
İranın yeni seçilmiş lideri Müctəba Xameneyinin yaralı olduğunu bildirən ABŞ-ın müdafiə naziri Pit Heqset: "Biz İranı vurmağa davam edəcəyik. İran daxilində ən intensiv hücumları həyata keçirəcəyimiz gün məhz bu gündür", — deyib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonda keçirilən mətbuat brifinqində İran əməliyyatı ilə bağlı diqqətçəkən bəyanatlar verib.
Heqset İrana qarşı əməliyyatların davam edəcəyini vurğulayaraq, Vaşinqton administrasiyasının hərbi təzyiqi artıracağı mesajını verib. Nazir İranın hərbi infrastrukturunun hədəf alınmağa davam edəcəyini qeyd edərək, “İranın bütün müdafiə şirkətləri yaxın vaxtlarda məhv ediləcək” deyib.
İran rəhbərliyinin hücumlar səbəbindən yeraltı sığınacaqlara çəkildiyini deyən Heqset: “İran rəhbərliyi yeraltına enib. İranlı liderlər sığınacaqlara və mülki bölgələrə gedirlər”, — ifadələrini işlədib.
Heqset, həmçinin İranın yeni dini lideri Müctəba Xameneyi haqqında bunları deyib:
“İranın dini lideri yaralanıb və böyük ehtimalla şikəst qalıb. Dünən bir bəyanat yaydı, lakin nə səs, nə də video var idi. Sadəcə yazılı açıqlama idi. İranın kifayət qədər kamerası və səs qeydi cihazı var — bəs niyə yalnız yazılı bəyanat? Məncə səbəbini bilirsiniz. Qorxur. Yaralıdır. Qaçır və heç bir legitimliyi yoxdur. Onlar üçün tam bir xaosdur. Ölkəni kim idarə edir? Bəlkə də İran bunu heç özü də bilmir”.
Yekun qərarın ABŞ Prezidenti Trampa məxsus olduğunu bildirən Heqset: “Tramp bütün kartları əlində saxlayır. Vaxtı Tramp müəyyən edəcək”, — deyə əlavə edib.
Məryəm Quliyeva