EN

Qonşusunu qaldırıb yerə çırpdı Qeyri adi səbəb

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Goranboy rayonunda 1997-ci il təvəllüdlü Rasim həmyerlisi Sərdara (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 7-də rayonun kəndlərində birində baş verib. Rasim həmin gün saat 21:30-da küçədə Sərdarın boyun nahiyəsindən tutaraq başı üstə yuxarı qaldırıb və zərbə ilə yerə vurub. Nəticədə Sərdar xəsarət alıb.Rasimin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 7-də, saat 21 radələrində mağazaya getmək üçün yaşadığı evin qarşısına çıxıb:“Evin qarşısında olan zaman qonşum, həmçinin də həmkəndlim olan Sərdar əlində bel ilə mənim və ailəmin ünvanına nalayiq ifadələr işlədərək mənə tərəf gəldiyini gördüm. Həmin vaxt Sərdardan mənim və ailəmin ünvanına niyə nalayiq ifadələr işlətdiyini soruşdum. O, isə yaxşı etdiyini bildirdi və nalayiq ifadələr işlətməyə davam etdi. Sərdarın sərxoş olduğunu hiss etdiyim üçün heç nə demədim. Həmin vaxt Sərdar evin qarşısında olan su arxını düzəltdikdən sonra atam Əfqanın ünvanına nalayiq ifadələr işlədə-işlədə mənə tərəf gəldi. Bu zaman əsəbləşdim və yenidən onun nalayiq ifadə işlətməməsini bildirdim. O, isə sözümə məhəl qoymadı və atamın ünvanına nalayiq ifadə işlətdi. Mən də buna görə əlim ilə Sərdarın qol nahiyəsindən tutaraq aralaşması üçün qəsdən itələdim. Sərdar həmin vaxt yerə yıxıldı”.Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman səs evdə olan atası Əfqan gəlib:“Atam Sərdarın qolundan tutaraq ayağa qaldırdı və niyə ünvanına nalayiq ifadə işlətməsini soruşdu. Sərdar da nalayiq ifadə işlətmədiyini dedi. Daha sonra isə idarə etdiyim “VAZ 21074” minik markalı avtomobil ilə oradan getdim. Atam da Sərdarı evinə getməsi üçün yola saldı”. Zərərçəkmiş Sərdar ifadəsində göstərib ki, qonşusu Rasim ilə əvvəllər münasibəti normal olmayıb:“Rasimin mənə qarşı ədavəti olub. Avqustun 7-də, saat 11 radələrində evimin həyətyanı sahəsini suvarmaq üçün yaşadığım evin qarşısından keçən su arxından su açdım. Həmin gün saat 20 radələrində sahədən yaşadığım evə gələn zaman həyətyanı sahəmə axan suyun qarşısının kəsildiyini, suyun isə qonşum Rasimin həyətinə axdığını gördüm. Həmin vaxt heç nə etmədim və yaşadığım evə getdim. Saat 21 radələrində evdə çörək yedim və spirtli içki olan pivə içdim. Daha sonra həyətdə olan beli götürdüm və su arxının yanına getdim. Suyu həyətyanı sahəmə açdım və evə qayıdan zaman evinin qarşısında dayanan Rasim məndən suyu niyə kəsdiyimi soruşdu. Mən isə Rasimə bundan əvvəlki gün həyətyanı sahəsini suvardığını, indi də həyətyanı sahəsini suvaracağını dedi. Rasim isə mənə həyətyanı sahəmi suvarmağa qoymayacağını bildirdi və üzərimə gələrək boyun nahiyəmdən tutdu, məni yuxarı qaldıraraq zərbə ilə yerə vurdu”. Sərdar qeyd edib ki, nəticədə əvvəlcə onun baş nahiyəsi, sonra isə sağ ayaq nahiyəsi yerə dəyib:“Həmin vaxt oraya gələn Rasimin atası Əfqan oğlunu danladı və məni ayağa qaldırmaq istədi. Lakin ayaq nahiyəmdən xəsarət aldığım üçün ayağa qalxa bilmədim. Daha sonra oraya yaxınlaşan digər qonşu Fərid Əfqanla birlikdə məni ayağa qaldırdı. Mən bir neçə metr irəliləsəm də, ayağımda ağrılar olduğuna görə addımlaya bilmədim. Fərid məni qucağına alaraq yaşadığım evə apardı”. Zərərçəkmiş deyib ki, Rasimlə əvvəllər aralarında mübahisə olub: “Mübahisə zamanı Rasimi nalayiq ifadə ilə təhqir etməmişəm. Aramızda yaranmış mübahisə və dava-dalaşa səbəbi isə Rasimin mənim həyətyanı sahəmə axan suyu kəsməsi olub. Təqsirləndirilən şəxs ilə barışmamışam, ondan şikayətçiyəm. Sağlamlığıma yetirilmiş xəsarətə görə maddi və mənəvi ziyan da dəyib. Buna görə də təqsirləndirilən şəxsə ümumilikdə 12200 manat tələb edirəm”. Goranboy Rayon Məhkəməsinin hökmü ilə Rasim 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, Goranboy rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı mülki iddiası qismən təmin olunub. Mülki cavabdeh təqsirləndirilən şəxsdən zərərçəkmiş şəxsin xeyrinə sağlamlığa vurulmuş zərərin müalicəsinə sərf edilmiş 3292 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi ziyan və vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 4792 manat məbləğində vəsait tutulub. Mülki iddia qalan hissədə təmin edilməyib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
demokrat.az

1Sources