EN

Ukraynaya qızıl medal qazandıran güləşçi: Azərbaycan millisindən bir neçə dəfə təklif almışam

ain.az, Azertag portalına istinadən məlumat verir.

Zrenyanin, 13 mart, AZƏRTAC

Uşaqlıqdan Ukraynada yaşayıram, orada doğulmuşam. Güləşə isə səkkiz yaşımda başlamışam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında Ukraynaya 50 kiloqram çəki dərəcəsində qızıl medal qazandıran azərbaycanlı qadın güləşçi Aidə Kərimova deyib.

Gənc idmançı güləşə necə gəlməsindən danışıb: “Məktəbə məşqçi gəlmişdi. Sınaq məşqlərinə qatılmağı təklif etdi. Beləcə güləşlə məşğul olmağa başladım. Əvvəlcə atam buna qarşı çıxsa da, mən qərarımı dəyişmədim və məşqlərə davam etdim. Ona görə də bu gün güləşin içindəyəm”.

A.Kərimova Ukraynanın yunan-Roma güləşi üzrə yığmasının azərbaycanlı üzvü Pərviz Nəsibovla tanış olduğunu bildirib: “O, öz nəticələri və məşqləri ilə bizi dəstəkləyir, motivasiya verir. Biz də ona baxıb nümunə götürürük”.

O, Azərbaycan millisində çıxış etmək üçün bir neçə dəfə təklif aldığını vurğulayıb: “Amma hələlik Ukrayna yığmasında qalıram. Dəqiq deyə bilərəm ki, yaxın bir ildə başqa komandaya keçməyi planlaşdırmıram”.

Güləşçi Avropa çempionu olmasına da toxunub: “Dünən hər şeyin belə alınmasına və qızıl medal qazanmağıma çox sevinirəm. Buna görə çox xoşbəxtəm. Allaha şükürlər olsun”.

Müxbir – Cavid Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
1
azertag.az

2Sources