EN

Buraxılış imtahanlarının çətinliyi narazılıq doğurur

Martın 9-da keçirilən buraxılış imtahanı ilə bağlı cəmiyyətdə ciddi narahatlıqlar yaranıb. Xüsusilə imtahan suallarının çətin olması, bəzi sualların isə vaxt aparması abituriyentlər və valideynlər arasında müzakirələrə səbəb olub.

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, narazılıqlar əsasən Azərbaycan dili fənni üzrə mətn və qrammatika suallarının çətinliyi ilə bağlıdır. Onun sözlərinə görə, bu sualların bir qismi şagirdlərdən daha çox vaxt tələb etdiyi üçün imtahan prosesində əlavə gərginlik yaradıb.

QHT.az-a açıqlamasında ekspert qeyd edib ki, buraxılış imtahanı yalnız ali təhsil müəssisələrinə qəbul üçün deyil, eyni zamanda kolleclərə və bəzi ixtisas qruplarına qəbul üçün də mühüm rol oynayır. Buna görə də imtahan sualları hazırlanarkən şagirdlərin ümumi hazırlıq səviyyəsi və təhsil şəraiti nəzərə alınmalıdır.

R.Nurəliyev bildirib ki, ölkənin müxtəlif regionlarında, xüsusilə dağ və ucqar kəndlərdə yaşayan şagirdlərin təhsil imkanları fərqli olur. Bəzi şagirdlər repetitor yanında hazırlaşmaq imkanı əldə etsə də, maddi imkanı zəif olan və yalnız məktəb proqramı ilə kifayətlənən şagirdlər də var. Ekspert hesab edir ki, bu amillər imtahanların çətinlik səviyyəsi müəyyən edilərkən diqqətdə saxlanmalıdır.

Onun fikrincə, blok imtahanlarında müəyyən qədər çətin sualların olması qəbul edilə bilər, lakin buraxılış imtahanı şagirdlər üçün ilk mərhələ olduğu üçün həddindən artıq çətin suallar onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Ekspert qeyd edib ki, bəzi şagirdlərin imtahandan sonra gərgin vəziyyətdə olması, hətta göz yaşları ilə imtahan zalını tərk etməsi bu narahatlığın göstəricisidir.

R.Nurəliyev əlavə edib ki, imtahanların ağır olması şagirdlərdə növbəti mərhələlərə inamın azalmasına, motivasiyanın zəifləməsinə və bəzən valideynlərlə münasibətlərdə də gərginliyə səbəb ola bilər.

Ekspert hesab edir ki, gələcək buraxılış imtahanlarında sualların daha balanslı və şagirdlərin hazırlıq səviyyəsinə uyğun tərtib olunmasına diqqət yetirilməsi məqsədəuyğun olar.

Zəhra Ağayeva

Chosen
73
qht.az

1Sources