EN

Azərbaycanda qızılca KABUSU geri qayıdır? – 10 yoluxma…

Azərbaycanda son illərdə vaksinasiya proqramlarının geniş tətbiqi sayəsində bir çox yoluxucu xəstəliklərin yayılması minimum səviyyəyə enib. Buna baxmayaraq, müəyyən hallarda ayrı-ayrı yoluxma faktları yenə də qeydə alınır. Xüsusilə uşaqlar arasında sürətlə yayıla bilən və yüksək yoluxuculuq qabiliyyətinə malik olan qızılca xəstəliyi ilə bağlı statistik göstəricilər səhiyyə qurumlarının diqqət mərkəzində qalır.

Mütəxəssislər bildirirlər ki, qızılca əsasən peyvənd olunmamış və ya peyvənd təqviminə tam əməl etməyən şəxslər arasında daha tez yayılır. Xəstəlik yüksək temperatur, səpkilər, ümumi zəiflik və tənəffüs yolları ilə bağlı problemlərlə müşayiət oluna bilər. Bu səbəbdən də profilaktik tədbirlər və vaxtında vaksinasiya xəstəliyin qarşısının alınmasında ən effektiv üsul hesab edilir.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında bildirilib ki, Azərbaycanda ötən il ərzində 10 sporadik – yəni tək-tək və ya nadir hallarda rast gəlinən qızılca hadisəsi qeydə alınıb.

Hesabatda həmçinin qeyd olunur ki, ölkədə vaksinlərlə idarə olunan digər xəstəliklər – poliomielit, difteriya, epidemik parotit, göyöskürək və məxmərək halları qeydə alınmayıb. Bu isə ölkədə aparılan immunizasiya proqramlarının effektivliyini göstərən əsas göstəricilərdən biri hesab olunur.

Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən professor-doktor Adil Qeybulla bildirib ki, qızılca çox yoluxucu virus xəstəliyi olsa da, düzgün peyvəndləmə sayəsində onun geniş yayılmasının qarşısını almaq mümkündür.

Adil Qeybulla

Onun sözlərinə görə, sporadik halların qeydə alınması narahatlıq doğursa da, bu, hələ epidemiya təhlükəsi demək deyil: “Qızılca hava-damcı yolu ilə yayılan və sürətlə yoluxma qabiliyyətinə malik virus xəstəliyidir. Əgər əhali arasında peyvəndləmə səviyyəsi yüksəkdirsə, belə halların geniş yayılması ehtimalı azalır. Azərbaycanda milli peyvənd təqviminin tətbiqi sayəsində bu sahədə vəziyyət ümumilikdə nəzarət altındadır.”

Professor qeyd edib ki, valideynlərin uşaqları vaxtında peyvənd etdirməsi çox vacibdir: “Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən peyvənddən imtina edir və ya onu gecikdirirlər. Bu isə müəyyən risk yarada bilər. Qızılca yalnız səpkili xəstəlik kimi qəbul edilməməlidir. Bəzi hallarda ağırlaşmalar – ağciyər iltihabı, sinir sistemi zədələnməsi və digər problemlər yarada bilər.”

Adil Qeybulla əlavə edib ki, sporadik yoluxma hallarının ortaya çıxması qlobal miqyasda insanların intensiv hərəkəti ilə də əlaqəli ola bilər. Onun sözlərinə görə, müxtəlif ölkələr arasında səfərlərin artması virusların bir regiondan digərinə keçməsi riskini də artırır: “Bu baxımdan profilaktik tədbirlərin davam etdirilməsi və əhalinin peyvəndlənmə səviyyəsinin yüksək saxlanılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm monitorinq və erkən diaqnostika da yoluxmanın geniş yayılmasının qarşısını almaqda mühüm rol oynayır”.

Tunar
NOCOMMENT.az

Chosen
17
nocomment.az

1Sources