EN

Deputat: “Başqa peşə seçmədən dilənçiliklə məşğul olan bir qrup şəxsin geniş imkan sahibi olduqları görünür”

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda dilənçiliyin qanunla qadağan edilməsi haqda qanun layihəsinin müzakirə yaratmasına münasibət bildirib.

 

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, qanun layihəsində dilənçiliyi şəbəkə fəaliyyətinə çevirən, bəzən də ehtiyacı olmadığı halda çox sayda insanları, xüsusilə, yeniyetmələri, uşaqları cəlb edərək qanunsuz həyat tərzi ilə fəaliyyətini genişlədən şəbəkənin hədəf alındığı görünür.

 

Deputat bildirib ki, yeni qanun layihəsinin yoxsul və ya imkansız vətəndaşlara yönəlik heç bir tərəfi yoxdur: “İnsanların sosial təminatı, rifahı o səviyyədə olmalıdır ki, hər hansı şəkildə başqasına ehtiyacları olmasın. Cəmiyyətdə belə hallar olursa, o demək deyil ki, imkanı olmayan hər kəs dilənməlidir. Təbii ki, dövlət onu işlə təmin etməli, müavinət verməlidir. Neqativ təzahürlərə qarşı da dövlət öz mövqeyini qoymalıdır. Qanun layihəsi xüsusilə, azyaşlı uşaqları cəlb edib, onların həyatını məhv edən şəbəkələşməyə qarşı atılan addımdır. Həmçinin burada sərt formada cinayət məsuliyyətindən deyil, birbaşa inzibati məsuliyyətdən söhbət gedir. Eləcə də əvvəlcədən xəbərdarlıq da nəzərdə tutulur, məsələyə mərhələli şəkildə baxılır. Başqa peşə seçmədən dilənçiliklə məşğul olan bir qrup şəxslərin geniş imkan sahibi olduqları görünür. Onlar bu peşənin altında öz imkanlarını gizlədirlər. Buna görə də dilənçiliyin qanunla qadağan edilməsinin niyə etirazla qarşılandığı anlaşılmır. Vətəndaşın, xüsusilə, uşaqların dilənçiliyə cəlb olunmalarına kim müsbət yanaşa bilər? Belə məsələyə dövlətin reaksiyası təbiidir”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2026, 08:51   
Chosen
38
pravda.az

1Sources