EN

Hərbi caninin növbəti siyasi oyunu

Ermənistanda müxtəlif siyasi və geosiyasi mərkəzlərin maraqlarını təmsil edən tanınmış şəxslər vaxtaşırı ictimaiyyət qarşısına reallıqdan uzaq, sərsəm və avantürist təkliflərlə çıxırlar. Bəzən bu ideyalar cəmiyyətin nəbzini yoxlamaq, yaxud müəyyən siyasi maraqları gündəmə gətirmək məqsədi daşıyır. Xüsusilə, iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində bu cür çıxışların sayı daha da artıb. Müxtəlif qruplar bununla ictimai rəyin hansı istiqamətə meyilləndiyini anlamağa çalışırlar.

Belə fiqurlardan biri də bir vaxtlar Azərbaycan torpaqlarında mövcud olmuş separatçı xunta rejiminin keçmiş “təhlükəsizlik şurasının katibi”, hərbi cinayətkar Vitali Balasanyandır. O, Ermənistanın SSRİ-ni xatırladan birliyin – faktiki olaraq Rusiya ilə ittifaq dövləti formatında qurulacaq qurumun tərkib hissəsinə çevrilməsini təklif edib. Balasanyan bu ideyanı dünya siyasi düzənində mümkün dəyişikliklər barədə danışarkən irəli sürüb. Onun sözlərinə görə, yaxın gələcəkdə bölgənin geosiyasi xəritəsi ciddi şəkildə dəyişə bilər və dövlətlər yeni düzəndə öz yerlərini əvvəlcədən müəyyənləşdirməlidirlər. Bu kontekstdə bildirib ki, Ermənistan həm İranla yaxşı münasibətləri qoruyub saxlamalı, həm də daha böyük siyasi birliyin tərkib hissəsinə çevrilməlidir. “Biz hansısa ittifaqın tərkib hissəsi olmalıyıq. Adını necə istəyirsiniz qoyun, amma söhbət Sovet İttifaqına bənzər bir birlikdən gedir”, – deyə o qeyd edib.

Balasanyanın açıqlaması ölkədə növbəti siyasi mübahisənin alovlanmasına səbəb olub. Separatçının bu təklifi xüsusilə hakim “Mülki müqavilə” partiyasının nümayəndələrinin sərt reaksiyası ilə qarşılanıb. Parlament sədrinin müavini Ruben Rubinyan onu ölkənin müstəqilliyini şübhə altına almağa cəhd göstərməkdə ittiham edib. Rubinyanın sözlərinə görə, Ermənistanın müstəqilliyi uğrunda onilliklər boyu minlərlə insan həyatını qurban verib və heç kəs bu müstəqillikdən imtina etməyi təklif etmək haqqına malik deyil.

Rubinyan belə ideyaların erməni cəmiyyəti üçün qəbuledilməz olduğunu vurğulayıb: “Balasanyan kimilər öz qulaqlarının arxasını görərlər, amma Ermənistanın müstəqilliyini itirməsinin təkrarını görməyəcəklər. Biz buna imkan verməyəcəyik”. Siyasətçi, həmçinin, Balasanyanın mövqeyini rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun təsisçisi və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın dəstəyi ilə əlaqələndirib. Rubinyanın fikrincə, qarşıdan gələn seçkilərdə seçicilər ölkənin müstəqilliyinə qarşı çıxan qüvvələrə layiqli cavab verməlidirlər.

Parlamentdəki “Mülki müqavilə” fraksiyasının rəhbəri Ayк Koncoryan da eyni dərəcədə qəti və birmənalı mövqe sərgiləyib. O bildirib ki, Ermənistanın suverenliyi siyasi alver mövzusu ola bilməz və müstəqillikdən imtina ilə bağlı istənilən müzakirə yolverilməzdir.

Hakimiyyətin bu qədər sərt reaksiyası fonunda müxalif qüvvələr vəziyyəti daha da gərginləşdirməməyə üstünlük veriblər. Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası Balasanyanın sözlərini şərh etməyiblər. Keçmiş prezident Robert Koçaryanla bağlı olan “Hayastan” blokunun nümayəndələri isə yalnız bildiriblər ki, ittifaq dövlətinə qoşulmaq məsələsi onların gündəliyində yoxdur. Bununla belə, onlar da Balasanyanın açıqlamasını birbaşa tənqid etməkdən çəkiniblər. Ölkənin üçüncü prezidenti Serj Sarkisyanın siyasi layihəsi sayılan “Şərəfim var” fraksiyasının rəhbəri isə bu mövzuda danışmaqdan imtina edib və yalnız fraksiyaya daxil olan Respublika Partiyasının mövqeyini səsləndirib: “Ermənistanın suverenliyi heç vaxt siyasi alver predmetinə çevrilə bilməz”.

Əlbəttə, V.Balasanyanın səsləndirdiyi fikir təsadüf və ya emosional bəyanat kimi qəbul edilə bilməz. Bu çıxış daha çox Ermənistanın siyasi səhnəsində uzun illərdir fəaliyyət göstərən və müxtəlif mərhələlərdə fərqli mərkəzlərin maraqlarına xidmət edən qüvvələrin düşüncə tərzini ortaya qoyur. Qarabağ separatizminin ən radikal nümayəndələrindən biri kimi tanınan Balasanyanın bu gün Ermənistanın dövlət müstəqilliyini faktiki olaraq sual altına alan ideya ilə çıxış etməsi onun siyasi mahiyyətini göstərir. Unutmaq olmaz ki, Balasanyan təkcə siyasi avantürist deyil. O, uzun illər Azərbaycan torpaqlarında fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin rəhbərlərindən biri olub və bir sıra hərbi cinayətlərdə iştirak edib. Ölkəmizin suveren ərazilərində törədilən zorakılıq aktlarının, dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımlarının icraçılarından biri kimi onun adı tarixidə qara ləkə kimi qalmaqdadır. Bu baxımdan Balasanyanın bu gün Ermənistanın gələcəyi ilə bağlı “məsləhətlər” verməsi ən azı siyasi və mənəvi ziddiyyət kimi görünür. Amma digər tərəfdən bunu ziddiyyət saymaq da olmur. Çünki separatizm və avantürizm üzərində qurulan siyasi karyera gec-tez belə nəticələr doğurur. Bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, bölgədə qan tökülməsinə səbəb olan şəxsin indi Ermənistanın müstəqilliyini şübhə altına alan təkliflərlə çıxış etməsi onun üçün tamamilə məntiqi davamdır. Bu, həm də göstərir ki, Balasanyan kimi fiqurlar üçün nə dövlətçilik prinsipləri, nə də milli maraqlar anlayışı mövcuddur. Onlar üçün əsas meyar hansısa böyük gücün himayəsi altında qalmaq və şəxsi siyasi mövcudluqlarını qorumaqdır. Balasanyanın “Sovet İttifaqına bənzər birlik” ideyası da mahiyyət etibarilə Ermənistanın suverenliyindən imtina etməsi deməkdir. Bu isə təkcə siyasi bəyanat deyil, həm də ölkənin dövlət müstəqilliyini şübhə altına alan açıq çağırışdır.

Maraqlıdır ki, bu cür sərsəm və təhlükəli təklif səsləndirildiyi halda, Ermənistanın müxalif siyasi qüvvələrinin əksəriyyəti onu açıq şəkildə qınamaqdan yayınmağa üstünlük verdi. Formal olaraq Balasanyanın ideyasından məsafə saxladıqlarını bəyan edən bəzi siyasi qüvvələrin, əslində, onunla eyni mövqedə olduqları da istisna deyil. Əks halda belə bir təşəbbüsə qarşı daha açıq və prinsipial münasibət ortaya qoyulardı. Susqunluq isə çox vaxt razılığın başqa forması kimi qəbul olunur. Bu baxımdan Koçaryan və Sarkisyan düşərgəsinə yaxın siyasi strukturların Balasanyanın sözlərinə qarşı sərt mövqe nümayiş etdirməməsi diqqətdən yayınmır. Göründüyü kimi, Qarabağ klanının liderləri və Ermənistanın digər rusiyapərəst siyasi qüvvələri Balasanyanın qalmaqallı bəyanatından yumşaq şəkildə məsafə saxlamağa üstünlük veriblər. Bununla belə, şübhə doğurmur ki, Balasanyan sadəcə olaraq erməni siyasətindəki rusiyapərəst qüvvələrin adətən açıq şəkildə dilə gətirməyə cəsarət etmədikləri mövqeni daha açıq formada ifadə edib. İstisna deyil ki, Qarabağ klanı və rusiyapərəst qüvvələr bu cür bəyanatlarla parlament seçkiləri ərəfəsində erməni cəmiyyətinin əhval-ruhiyyəsini yoxlamağa çalışırlar. Lakin ilkin reaksiyalar göstərir ki, nəticə onların gözləntilərinə uyğun deyil.

Bütün bunlar həm də onu göstərir ki, Ermənistan siyasətində hələ də dövlət müstəqilliyinə ikinci dərəcəli məsələ kimi baxan qüvvələr mövcuddur. Bu qüvvələr üçün əsas prioritet ölkənin inkişafı və təhlükəsizliyi deyil, xarici güclərin himayəsinə sığınıb yeni təxribatlara zəmin hazırlamaqdır. Balasanyan isə sadəcə, olaraq bu düşüncənin ən açıq və kobud ifadəçilərindən biridir. Birmənalı şəkildə demək mümkündür ki, hərbi caninin bu gün Ermənistanın gələcəyi ilə bağlı “strateji ideyalar” irəli sürməsi əslində, ölkənin siyasi mühitində mövcud olan ciddi böhranın göstəricisidir. Bu bəyanat həm də bir daha sübut edir ki, regionda illərlə münaqişəni qızışdıran və separatizmi təşviq edən fiqurlar indi də eyni avantürist yanaşmanı başqa formada davam etdirməyə çalışırlar. Ermənistan cəmiyyətinin isə bu cür çağırışların arxasında hansı təhlükəli niyyətlərin dayandığını gec-tez daha aydın şəkildə görəcəyi şübhə doğurmur.

Səxavət HƏMİD
XQ

Chosen
15
1
xalqqazeti.az

2Sources