EN

İslam sığortası nədir və hansı üstünlükləri var? – MÜHÜM NÜANSLAR

Azərbaycanda maliyyə sektorunda İslam maliyyəsi prinsiplərinə əsaslanan yeni mexanizmlərin tətbiqi istiqamətində addımlar getdikcə artır. Son illər dünyada sürətlə yayılan təkaful – yəni İslam sığortası modeli bir sıra ölkələrdə ənənəvi sığorta sisteminə alternativ kimi formalaşıb. Bu model qarşılıqlı yardım və risklərin kollektiv bölüşdürülməsi prinsipi üzərində qurulduğu üçün xüsusilə müsəlman ölkələrində geniş yayılıb.

Mütəxəssislər hesab edir ki, belə mexanizmlərin tətbiqi maliyyə sektorunda seçim imkanlarını genişləndirə və yeni bazar iştirakçılarının yaranmasına şərait yarada bilər. Azərbaycanda da bu istiqamətdə yeni şirkət fəaliyyətə başlayır və onun təkaful – İslam sığortası prinsipləri əsasında işləyəcəyi bildirilir.

Hazırda ölkədə 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir. Yeni şirkətin də bazara daxil olması bu sahədə rəqabətin artacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Bəs ənənəvi sığorta ilə İslam sığortası – təkaful modeli arasında əsas fərqlər nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, bu iki sistem arasında ciddi fərqlər mövcuddur.

Əkrəm Həsənov

“Ənənəvi sığortada vətəndaş müəyyən məbləğ ödəməklə riskini sığorta şirkətinə ötürür. Əgər sığorta müddətində heç bir hadisə baş verməzsə, ödənilən vəsait şirkətin gəliri kimi qalır. Hadisə baş verdikdə isə şirkət müqaviləyə uyğun olaraq zərəri qarşılayır.
İslam sığortasında isə sistem fərqli prinsiplə işləyir. Bu modeldə iştirakçılar öz vəsaitlərini ortaq fonda toplayırlar. Məsələn, 100 nəfər sürücü hər biri 100 manat ödədikdə ümumi fond formalaşır. İl ərzində bu vəsaitdən zərər çəkənlərin xərcləri qarşılanır, müəyyən hissə isə idarəetmə və xidmət xərclərinə ayrılır. İlin sonunda artıq vəsait qalarsa, həmin məbləğ sığorta hadisəsi yaşamayan iştirakçılar arasında bölüşdürülür”.

Ekspert qeyd edir ki, təkaful sistemi qarşılıqlı yardım və risklərin kollektiv paylaşılması prinsiplərinə əsaslandığı üçün İslam maliyyə modelində fərqli və alternativ sığorta mexanizmi hesab olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
27
konkret.az

1Sources