EN

ABŞ ordusu Xarq adasında 90-dan çox hərbi hədəfi vurub

ABŞ ordusu İranın Fars körfəzindəki Xarq adasında 90-dan çox hərbi hədəfə zərbə endirib.

Moderator.az-ın bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına istinadən verdiyi məlumata görə, orada yerləşən İslam Respublikasının neft sənayesi obyektlərinə zərər dəyməyib:

"Dünən gecə Amerika qüvvələri İranın Xarq adasına genişmiqyaslı dəqiq zərbələr endirib. Hücum nəticəsində dəniz mina anbarları, raket saxlama bunkerləri və çoxsaylı digər hərbi obyektlər məhv edilib".

ABŞ qüvvələri Xarq adasına raket və bomba hücumu zamanı hərbi anbarları dağıdıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə CNN hərbi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr yeraltı raket saxlama bunkerlərini, dəniz mina anbarlarını və digər hərbi infrastrukturu hədəfə alıb. Kanalın mənbəyi hücumun genişmiqyaslı olduğunu, lakin neft infrastrukturuna təsir göstərmədiyini vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Silahlı Qüvvələrin Xarq adasındakı hərbi obyektlərə böyük zərbə endirdiyini iddia etmişdi. O, yalnız hərbi hədəflərin hədəf alındığında israr etmişdi. Bundan başqa Amerika lideri adadakı neft infrastrukturunu məhv etməmək qərarına gəldiyini söyləyib.

Daha sonra İranın Fars xəbər agentliyi İranın ən böyük neft ixrac terminallarından birinin yerləşdiyi Xarq adasının neft infrastrukturuna heç bir ziyan dəymədiyini bildirib. Agentliyin məlumatına görə, zərbələr Xarqdakı müdafiə strukturlarını, dəniz bazasına, hava limanına və vertolyot anqarına endirilib.

ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri tərəfindən İranın Xarq adasında yerləşən hərbi hədəflərinə ağır zərbələr endirildiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında qeyd yazıb.

"Mənim göstərişim əsasında ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq regionu tarixindəki ən kütləvi bombardmanlardan birini icra edərək, İranın əsas dəyəri sayılan Xarq adasındakı bütün hərbi obyektləri tamamilə darmadağın edib", - deyə Tramp bildirib.

ABŞ rəhbəri adada olan neft infrastrukturuna toxunmamaq qərarı aldığını xüsusi vurğulayıb. Prezident əlavə edib ki, əgər İran və ya digər tərəflər gəmilərin Hörmüz boğazından sərbəst, eləcə də təhlükəsiz hərəkətinə əngəl yaradacaq hər hansı bir davranışa yol verərsə, o bu qərarına dərhal yenidən baxacaq.

Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Xarq adasındakı hava hücumundan müdafiə sistemlərinin ABŞ tərəfindən bütövlüklə sıradan çıxarılması ilə bağlı yayılan xəbərləri yalanlayıb.

SEPAH-ın verdiyi məlumata əsasən, ABŞ-nin zərbələri nəticəsində adanın ərazisində 15-dən çox partlayış baş verib. Buna baxmayaraq, qurum neft infrastrukturuna aid heç bir təsisatın zərər görmədiyini bildirir.

Məlumatda, həmçinin qeyd edilib ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ABŞ-nin həyata keçirdiyi hücumdan təxminən bir saat sonra bərpa olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Chosen
62
1
moderator.az

10Sources