AZ

Xarq adası alovlar içində: İran Trampın 15 partlayış bəyanatını təsdiqlədi

İranın SEPAH-a bağlı "Fars" xəbər agentliyi ABŞ Prezidenti Donald Trampın Xarq adasına endirilən sarsıdıcı zərbələr barədə bəyanatını rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, adada ən azı 15 güclü partlayışın baş verdiyini bildirən agentlik, hücumun əsas hədəflərinin neft infrastrukturuna deyil, məhz hərbi obyektlərə yönəldiyini qeyd edib. Məlumata görə, ABŞ-ın "Epic Fury" əməliyyatı çərçivəsində həyata keçirdiyi bu hava hücumu nəticəsində adadakı hava hücumundan müdafiə (HHM) sistemləri, "Joshan" hərbi-dəniz bazası, hava limanının idarəetmə qülləsi və "Iran Continental Shelf Oil Company" şirkətinə məxsus helikopter meydançası tamamilə sıradan çıxarılıb.

Tramp daha əvvəl "Truth Social" hesabında etdiyi paylaşımda bu hücumu Yaxın Şərq tarixinin ən güclü bombardmanlarından biri adlandıraraq, İranın "tac cəvahiratı" sayılan Xarq adasındakı bütün hərbi hədəflərin darmadağın edildiyini bəyan etmişdi. O, "etik səbəblərdən" İranın neft ixracatının 90%-ni təmin edən terminalın özünü vurmadığını, lakin Tehranın Hörmüz boğazındakı gəmiçiliyə müdaxiləsi davam edərsə, neft infrastrukturunun növbəti hədəf olacağını xəbərdarlıq edib. İrandakı mənbələr adadan qatı tüstünün yüksəldiyini təsdiqləsələr də, neft anbarlarının və yükləmə terminallarının zərər görmədiyini bildiriblər. Analitiklər bu addımı İranın iqtisadi damarını kəsməkdən öncə sonuncu ciddi xəbərdarlıq və adanın gələcəkdə mümkün qurudan işğalı üçün hazırlıq mərhələsi kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
56
15
musavat.com

10Mənbələr