BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ və Rusiya liderləri arasında İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılıb.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı irəli sürdüyü təklifi rədd edib.
Məlumata görə, martın 9-da baş tutan telefon danışığı zamanı Rusiya tərəfi İranın təxminən 450 kiloqram həcmində 60 faizədək zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılması və bu materialın təhlükəsizliyinə Moskvanın zəmanət verməsi variantını irəli sürüb.
ABŞ tərəfi isə bu təşəbbüsü qəbuledilməz hesab edib və Vaşinqtonun həmin materialların təhlükəsizliyini öz nəzarəti altında təmin etmək niyyətində olduğunu bildirib.
Ekspertlərin fikrincə, sözügedən həcmdə uran xüsusi narahatlıq doğurur. Bildirilir ki, bu material silah səviyyəsində daha yüksək zənginləşdirməyə məruz qalacağı halda bir neçə həftə ərzində ondan çox nüvə başlığı hazırlanması üçün kifayət edə bilər.
Rusiya tərəfinin İran uranının ölkədən çıxarılması ilə bağlı təşəbbüsü ilk dəfə 2025-ci ilin may ayında irəli sürülmüşdü. Lakin Tehran bu variantı qəbul etməmiş, əvəzində uranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında ölkə daxilində qatılığın azaldılması prosesi təklif etmişdi.
Hazırda ABŞ və İsrailin İran əleyhinə hərbi əməliyyatlarının başlamasından sonra Tehran rəhbərliyinin bu məsələyə münasibətində dəyişiklik olub-olmadığı məlum deyil.
ABŞ müdafiə naziri Pit Hegset isə bildirib ki, Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı bir sıra mümkün addım variantları mövcuddur. Onun sözlərinə görə, ABŞ İranın uran ehtiyatlarının könüllü şəkildə təhvil verilməsini üstün hesab edir, lakin lazım gələrsə daha sərt tədbirlərin görülməsi də istisna edilmir.
Mediada yayılan məlumatlara görə, ABŞ və İsrail İranın nüvə obyektlərinin nəzarətə götürülməsi üçün xüsusi təyinatlı qüvvələrin cəlb olunması ehtimalını da müzakirə edir.
Mənbələr bildirir ki, Donald Tramp dünya liderləri, o cümlədən Çin rəhbəri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin ilə dialoqa açıq olsa da, Vaşinqton İranın nüvə proqramı üçün boşluqlar yarada biləcək razılaşmalara getmək niyyətində deyil.