İranın yeni ali dini lideri Müctəba Xameneinin taleyi qeyri-müəyyən olaraq qalır. Bəzi mənbələr onun ağır yaralandığını və komada olduğunu iddia edir. Lakin Müctəba Xameneinin səhhəti qaydasında olsa belə, ABŞ və İsrail artıq onu “bir nömrəli hədəf” elan ediblər.
ABŞ Dövlət Departamenti yeni liderin yerini müəyyən etməyə kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat vəd edib. Bu gərginliyə rəğmən, İranın Moskvadakı səfiri Kazem Cəlali nikbinliyini qoruyur. Səfir Rusiya prezidenti Vladimir Putinin Tehranda keçiriləcək Xəzər sammiti çərçivəsində Müctəba Xamenei ilə ilk görüşünə hazırlaşdığını bildirir. Diplomatın sözlərinə görə, növbəti sammit 12 avqust 2026-cı ilə planlaşdırılıb və Tehran hələ ki, bu görüşün təxirə salınması barədə məlumat yaymayıb.
NOCOMMENT.az xəbər verir ki, Müctəba Xameneinin rəsmi elanından altı gün keçməsinə baxmayaraq, xalq hələ də onun simasını görməyib. Dövlət televiziyasında ona aid olduğu iddia edilən uzun bir bəyanat oxunsa da, yeni lider hətta dini liderlər üçün ən mühüm hadisə sayılan “Qüds günü”ndə belə ictimaiyyət qarşısına çıxmayıb. CNN-in məlumatına görə, liderin “görünməzliyi” tərəfdarlarının coşqusunu azaltmayıb; minlərlə insan Ramazan ayının son günlərində ona sədaqət andı içmək üçün küçələrə çıxıb. Lakin onun yoxluğu qanunauyğun bir sual doğurur: Müharibə şəraitində ölkəni faktiki olaraq kim idarə edir?
Təxminən qırx il atasının kölgəsində qalan Müctəba hər zaman böyük təsir gücünə malik olsa da, aşkarlıqdan qaçıb. İndi isə rejimə sadiq din xadimləri bu qapalılığı bir fəzilət kimi təqdim etməyə çalışırlar. Məsələn, tanınmış vaiz Mahmud Kərimi “onun heç vaxt görünməməsi xarakterindən xəbər verir” deyərək, bu təcrid olunma halını təvazökarlıq və mənəvi güc kimi qələmə verir. Rejim tənqidçiləri arasında isə real görüntülərin yoxluğu lağlağı obyektinə çevrilib. Sosial şəbəkələrdə Müctəbanın karton fiqurlarından hazırlanan memlər yayılır, dövlət mediası isə real kadrlar əvəzinə Süni İntellekt (Sİ) tərəfindən yaradılan videolar paylaşır.
Bu videolarda neyron şəbəkələr heç vaxt baş verməmiş səhnələri canlandırır: yeni lider izdiham qarşısında çıxış edir, mərhum atasının yanında dayanır və ya öldürülmüş general Qasım Süleymanini qucaqlayır. Tehranda artıq onu ironiya ilə “Süni İntellekt Ayətullahı” adlandırırlar. Londonun “Chatham House” institutunun Yaxın Şərq proqramının direktoru Sanam Vakil hesab edir ki, rejim bir müddət Müctəbanın fiziki iştirakı olmadan da fəaliyyət göstərə bilər. Analitiklərin ümumi rəyi belədir: Hazırda Tehranda liderin şəxsiyyəti deyil, elitanın birliyi vacibdir. SEPAH kimi qüdrətli strukturlar, Müctəbanın kölgədən çıxıb-çıxmamasından asılı olmayaraq, hərbi strategiyanı böyük ehtimalla müstəqil şəkildə müəyyən edirlər.
Əli Səfərli,
NOCOMMENT.az