EN

Emin Ağalarov Sea Breeze-də lüks qocalar evi açır – VİDEO

Azərbaycanın tanınmış iş adamı və “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarov Kann şəhərində keçirilən beynəlxalq MIPIM sərgisi çərçivəsində Sea Breeze ərazisində yeni layihənin həyata keçirilməsi ilə bağlı razılaşma imzalayıb.

Xəbər verilir ki, söhbət Azərbaycanda ilk dəfə yaradılacaq otel tipli lüks qocalar evi kompleksindən gedir.

Layihə çərçivəsində Sea Breeze ərazisində yaşlı insanlar üçün nəzərdə tutulan xüsusi yaşayış kompleksi yaradılacaq. Bu format Azərbaycanda ilk dəfə tətbiq olunacaq. Müqavilənin imzalanmasında Sea Breeze Health Valley beynəlxalq tibbi klasterinin CEO-su Konstantin Qrinfeld və Mediterranean Towers Assisted Living şəbəkəsinin vitse-prezidenti Boris Levin iştirak ediblər.

Məlumata görə, yeni kompleksdə yaşlı insanlar üçün komfortlu yaşayış, tibbi müşayiət və müxtəlif rekreasiya zonaları nəzərdə tutulur. Layihə həm yaşayış, həm də sağlamlıq xidmətlərini birləşdirən xüsusi konsepsiya əsasında qurulacaq.

Qeyd edək ki, bu cür otel tipli və ya premium qocalar evləri dünyada xüsusilə Avropa və ABŞ-da geniş yayılıb. Belə mərkəzlər adətən yüksək xidmət səviyyəsi, tibbi nəzarət, sosial fəaliyyət imkanları və komfortlu yaşayış şəraiti ilə seçilir. Bu səbəbdən də onlar çox vaxt bahalı və elit xidmət növü hesab olunur.

Bir sıra sosial dövlətlərdə isə belə mərkəzlərdə qalma xərcləri bəzən pensiya sistemləri və ya dövlət sosial proqramları tərəfindən qismən qarşılanır. Xüsusilə yüksək pensiya gəlirləri olan yaşlılar bu formatı daha çox seçirlər.

Hazırda Azərbaycanda yaradılacaq bu kompleksdə ödəniş mexanizminin necə olacağı barədə rəsmi məlumat açıqlanmayıb. Yəni xidmətlərin tamamilə özəl ödəniş əsasında olub-olmayacağı, yaxud hansısa sosial mexanizmlərin tətbiq ediləcəyi hələlik bəlli deyil.

Bununla belə, layihənin əsasının qoyulması göstərir ki, Sea Breeze-də premium formatlı qocalar evi konsepsiyası Azərbaycanda ilk dəfə tətbiq olunacaq və ölkədə yaşlı insanlar üçün yeni xidmət modelinin formalaşmasına səbəb ola bilər.  (Musavat.com)


Chosen
15
4
azia.az

5Sources