EN

Trampın Hörmüz boğazında neft tankerlərini müşayiət edilmlsi planı “çox təhlükəli” hesab olunur

ABŞ-nin təşəbbüsü ilə tankerlərin hərbi gəmilərlə müşayiəti ideyası regionda eskalasiya riskini artırır, ekspertlər isə İranın coğrafi üstünlüyünün belə missiyanı son dərəcə riskli etdiyini bildirirlər...

ABŞ prezidenti Donald Trampın neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün hərbi gəmilərin müşayiəti ilə bağlı planı beynəlxalq ekspertlər tərəfindən ciddi riskli addım kimi qiymətləndirilir.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, İranın dünya neft tədarükünün təxminən 20 faizinin daşındığı strateji su yolunu bağlaya biləcəyi ilə bağlı ehtimallar Vaşinqtonu alternativ təhlükəsizlik tədbirləri barədə düşünməyə vadar edib. Bu çərçivədə Donald Tramp ABŞ hərbi dəniz qüvvələrinin bölgəyə göndərilməsi və neft tankerlərinin müşayiət olunması imkanını nəzərdən keçirir. ABŞ prezidenti eyni zamanda digər ölkələri də bu missiyaya qoşulmağa çağırıb.

Lakin ekspertlər bu təşəbbüsün ciddi təhlükələr yaratdığını bildirirlər. ABŞ-də fəaliyyət göstərən Defense Priorities təşkilatının Yaxın Şərq proqramının direktoru Rozmari Kelenik qeyd edib ki, belə bir missiya regionun hərbi və coğrafi xüsusiyyətlərinə görə son dərəcə risklidir.

Ekspertin sözlərinə görə, İran Hörmüz boğazının şimal hissəsində yüksək mövqelərə nəzarət edir və bu, ona müxtəlif hücum vasitələrindən istifadə etmək imkanı verir. Bu vasitələr arasında pilotsuz uçuş aparatları, raket sistemləri və digər uzaqmənzilli zərbə imkanları yer alır. Belə şəraitdə tankerləri müşayiət edən hərbi gəmilər belə potensial hücumların qarşısını almaqda çətinlik çəkə bilər.

Analitik əlavə edib ki, boğazın coğrafi baxımdan çox dar olması riskləri daha da artırır. Onun fikrincə, sahildən həyata keçirilən hücumlar zamanı reaksiya vermək üçün vaxt çox məhdud olur. Bu isə raket və ya digər sursatların gəmilərə çatmasının qarşısını almağı xeyli çətinləşdirir.

Məlumata görə, İran ətrafında gərginliyin artdığı dövrdə Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi ətrafında dəniz nəqliyyatına qarşı hücumların sayı da artıb. Münaqişənin başlanmasından bəri bölgədə ən azı 17 gəmi hücuma məruz qalıb. Bu hadisələr beynəlxalq enerji bazarları və qlobal ticarət marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib.

Qeyd olunur ki, Hörmüz boğazı dünyanın ən mühüm enerji daşınma marşrutlarından biri hesab olunur və burada baş verə biləcək hər hansı genişmiqyaslı hərbi qarşıdurma qlobal enerji bazarına ciddi təsir göstərə bilər. Buna görə də beynəlxalq ekspertlər regionda hərbi gərginliyin artmasının dünya iqtisadiyyatı üçün ciddi risklər yaratdığını vurğulayırlar.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources