EN

Netanyahu ölüm xəbərlərinə cavab olaraq kafedən video paylaşıb

İsrailin baş naziri sosial şəbəkələrdə yayılan yaralanma və ya öldürülmə iddialarını istehzalı video ilə təkzib edib...

Poliqon xəbər verir ki, CNN telekanalının məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkələrdə yayılan onun yaralanması və ya öldürülməsi ilə bağlı iddialara cavab olaraq video paylaşaraq bu məlumatların doğru olmadığını göstərməyə çalışıb.

Məlumata görə, video Qüds yaxınlığında yerləşən kafelərdən birində çəkilib. Kadrlarda Netanyahu masada oturaraq qəhvə sifariş edir və internetdə yayılan şayiələrə ironik şəkildə münasibət bildirir.

Videoda Netanyahu zarafatla belə deyir: “Qəhvə içmək üçün ölürəm. Xalqım üçün ölürəm. Onlar necə davranırlar? Möhtəşəmdir. Barmaqlarımın sayını hesablamaq istəyirsiniz?”

Daha sonra o əllərini qaldıraraq barmaqlarını bir-bir sayır. Bu hərəkət sosial şəbəkələrdə son günlər yayılan bir iddiaya istehzalı işarə kimi qiymətləndirilib. Həmin iddiaya görə, Netanyahu ilə bağlı yayılan son rəsmi videolardan birində guya onun əlində altı barmaq göründüyü iddia edilirdi.

CNN qeyd edir ki, bu video İsrail baş nazirinin sosial şəbəkələrdə geniş yayılan ölüm və yaralanma xəbərlərinə birbaşa cavabı kimi təqdim olunur. Müharibə şəraitində yayılan bu cür şayiələr xüsusilə regional gərginlik fonunda geniş rezonans doğurmuşdu.

Bundan əvvəl Netanyahunun ofisi də yayılan məlumatları təkzib etmişdi. Baş nazirin administrasiyası İranın ABŞ və İsrail zərbələrinə cavab hücumları fonunda Netanyahunun öldürüldüyü barədə yayılan xəbərləri “saxta məlumat” adlandıraraq onun vəziyyətinin yaxşı olduğunu bildirmişdi.

Müşahidəçilərin fikrincə, Netanyahu tərəfindən yayımlanan bu video həm dezinformasiya kampaniyalarına cavab, həm də ictimaiyyətə onun təhlükəsiz olduğu barədə mesaj vermək məqsədi daşıyır.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources