Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov Yaxın Şərqdə davam edən müharibənin mümkün ekoloji və iqtisadi nəticələri ilə bağlı fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, hüquqşünas bildirib ki, bölgədə hərbi əməliyyatların genişlənməsi ciddi təhlükələr yarada bilər və bu prosesə sevinməyə əsas yoxdur. Sahib Məmmədovun sözlərinə görə, İranda yerləşən Buşer Atom Elektrik Stansiyası üçün təxminən 230 ton atom yanacağı tədarük edilib və həmin yanacaq hazırda tikilməkdə olan zavodun anbarında saxlanılır:
"Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatlarına əsasən, İranda atom silahı üçün zəruri həddə yaxın səviyyədə saflaşdırılmış uran ehtiyatları mövcuddur. Müharibə şəraitində bu kimi obyektlərin təhlükəsizliyi region üçün ciddi risklər yarada bilər. Hərbi əməliyyatlar zamanı atılan raketlər, dağıdıcı bombalar və digər silahların təsiri nəticəsində ətraf mühitə böyük həcmdə zəhərli maddələr yayılır. Bundan əlavə, yanğınlar və sənaye obyektlərinin zədələnməsi atmosferə yüz minlərlə ton zərərli qazların buraxılmasına səbəb olur".
O bildirib ki, bu proseslər yalnız müharibə zonasına deyil, bütün regiona, o cümlədən Azərbaycana da mənfi təsir göstərə bilər.
“İran rejimi onsuz da regionu ideoloji baxımdan zəhərləmişdi. İndi isə müharibə nəticəsində radiasiya və digər zərərli maddələrlə region daha da təhlükəli vəziyyətə düşə bilər. Buna görə də sevinməli heç nə yoxdur”, – deyə Sahib Məmmədov qeyd edib.
Hüquqşünas həmçinin bildirib ki, bölgədə gərginliyin artması artıq iqtisadi sahəyə də təsir göstərir və qiymətlərin artımı müşahidə olunur.
Pərvanə Fərhadqızı