EN

Umud Rəhimoğlu: Moskvaya zəng vurdum, Vəfa Quluzadəyə tapşırdılar, əmrim verildi - MÜSAHİBƏ

BAKI, 16 mart. TELEQRAF

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, jurnalist və şair-publisist Umud Rəhimoğlu Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Umud müəllim, bu yaxınlarda 65 yaşınız tamam oldu. Bu münasibətlə sizi təbrik edib, ötən illərə nəzər salmaq istəyirik. Siz vaxtilə Moskavda Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirmisiniz. Maraqlıdır, bu institutda təhsil almaq arzusu sizdə necə yarandı?

- Təbrikə görə təşəkkür edirəm. Yaxın günlərdə Vaqif Bəhmənli haqqımda bir oçerk yazmışdı. Hərçənd təəssüf ki, son illər oçerk janrı mediada görünmür. O yazıda maraqlı bir başlanğıc, bir təhkiyə var. Vaqif Bəhmənli ustalıqla izah edir ki, hər insanın həyatı bir yoldur... Mənim də həyat yolum Qorki adına Ədəbiyyat İnstitutundan keçdi.

Təbii ki, ədəbiyyata bağlı bir insan üçün o zamanlar belə bir instituta düşmək təsadüfi ola bilməzdi. Gənclik illərim, orta məktəb dövrüm xüsusilə önəmlidir. Sovet dövründə Füzuli rayonunda çıxan "Araz" qəzeti, onun nəzdində fəaliyyət göstərən "Ərgünəş" ədəbi dərnəyi bizim üçün ilk gənc yaşlardan doğma bir ocaq idi. Orta məktəbdə oxuyarkən tez-tez oraya gedirdim. Dərnək üzvü olaraq yazdıqlarımızı bir-birimizlə paylaşır, yaşlı nəsildən məsləhət alırdıq.

Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə imtahan verdim, onda konkurs, yəni müsabiqə deyilən bir prosesdur vardı. Mən imtahandan qiymət almışdım, amma qəbul üçün müsabiqədə yarım balım çatmırdı. Adımı qəbul olunanların siyahısında görməyəndə etirazımı bildirdim. Hətta o da yadımdadı ki, universitetin o zamankı rektoru Faiq Bədirzadə oradan keçirdi. Mənə yaxınlaşdı, soruşdu ki, oğlum, sənin nə problemin var? Dedim, qəbul üçün yarım balın çatmır...

Həmin yarım bal mənim yolumu başqa səmtə yönəltdi. Monqolustanda iki il hərbi xidmətdə oldum. Əsgərlikdən qayıtdıqdan sonra şeirlərimlə tanış olan mərhum Xalq şairi Fikrət Qoca görkəmli yazıçımız Elçin Əfəndiyevlə birlikdə məni Maksim Qorki adına Ədəbiyyat İnstitutuna istiqamətləndirdilər. Yazıçı Seyran Səxavətin də Moskva yolumda mənə müəyyən dəstəyi oldu.

Qorki adına institut yüksək səviyyəli təhsil və yaradıcılıq ocağı idi. Rus klassiklərinin və rus siyasətinə bağlı şəxslərin çoxunun yolu oradan keçmişdi. Bu baxımdan mən özümü şanslı hesab edirəm ki, belə bir institutinda təhsil almışam.

Onu da deyim ki, Füzulinin Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində aldığım təhsil sonrakı illərdə qazandığım bilikdən heç də az deyildi. Mənim ana tərəfim Zəngəzurdandı, ata tərəfim isə Cənubi Azərbaycanın Qaradağ mahalına gedib çıxır. Mən özüm Qarabağda böyümüşəm. Qarabağın hansı bölgəsinə gedirsən, mütləq Qaradağ mahalından olan insanlarla qarşılaşırsan. Yəni Arazın o tayı, bu tayı eyni el, oba, camaat olub. Məsələn, bizim nəslimiz Mirzə nəslindəndi, Azərbaycanın harasında Mirzəyev soyadına rast gəlsəm, özümü onlarla qohum hesab edirəm...

- Qorki adına Ədəbiyyat İnstitutu sadə mühit deyildi. Orada təhsil almaq əvəzinə, içkiyə qurşanıb bütün həyatını korlayanlar da az olmamışdı.

- Təəssüf, bəzi yaradıcı insanlarda belə bir təsəvvür vardı, bəlkə indi də var ki, o, özünü dəliliyə vurmalı, daim spirtli içki içməli, istədiyi kimi gəzib dolanmalıdır. İnstitutda baxırdın ki, bəziləri həftənin yeddi günü göylərdə uçurdu. Bütün bunlarla yanaşı, institutun çox böyük potensialı vardı, zəngin kitabxanasına söz ola bilməzdi. Burada dərs deyən müəllimlər çox böyük adamlarıdı. O institutun tələbə biletinin verdiyi imkanlar misilsiz idi.

Müxtəlif yaradıcılıq səfərlərinə çıxırdıq, yazdığımıza görə qonorar alırdıq. Bu mənada hesab edirəm ki, institut böyük bir imkan idi, onu dəyərləndirmək lazım idi.

Təhsil illərim 1982-1987-ci illərə təsadüf edir. Bu isə Sovet İttifaqının çöküş dövrü idi. Mən şəxsən Moskvadakı həyatımı günbəgün xatırlayıram və süqut prosesinin necə başladığını yaxşı bilirəm. Bu proses xüsusilə M. Qorbaçov hakimiyyətə gəldikdən sonra sovetlərin dağılmasına doğru sürətləndi. Qorbaçovun "perestroyka"sı dövründə etnik konfliktlər gücləndi. Xatırlayıram ki, 1986-cı ildə Qazaxıstanda baş verən hadisələrlə bağlı Moskvada, Qızıl Meydanda keçirilən etiraz aksiyasına mən də qatılmışdım.

Onu da qeyd edim ki, bu gün Rusiyada yüksək vəzifələrdə çalışan, parlamentdə təmsil olunan insanların çoxu ilə biz "Qorki"də eyni auditoriyanı bölüşmüşük. Onlar Rusiya siyasətinə, biz də təbii ki, Azərbaycanımıza istiqamətləndik.

- O vaxt nüfuzlu "Ədəbiyyat və incəsənət", indiki "Ədəbiyyat qəzeti"ndə fəaliyyətə başlamığınız necə oldu? O qəzetə düşmək hesabla asan olmamalıydı...

- Moskvadan təyinatımı Azərbaycan Yazıçılar Birliyinə - onda "ittifaq" adlanırdı - verdilər. Yazıçılar İttifaqında mənə iki yerdə iş təklif olundu, biri Füzuli rayonunda çıxan “Araz” qəzeti, digəri isə Teatr Xadimləri İttifaqındaydı. Füzuliyə getməkdən imtina etdim. Həmin dövrdə təyinatla paytaxtda işləməyin bir çox üstünlükləri vardı. Bakıda pasport qeydiyyatına düşmək çox çətin idi. Təyinat vasitəsilə isə həm qeydiyyata düşmək, həm də mənzil əldə etmək imkanı olurdu.

Teatr Xadimləri İttifaqında qurumun rəhbəri mərhum Lütfiyar İmanovla görüşdüm. Təxminən 140 manat maaşlı iş təklif olunurdu, nə ev növbəsi, nə də Bakı qeydiyyatı olacaqdı. Lütfiyar müəllimlə sağollaşıb, Yazıçılar İttifaqına qayıtdım. Orada məni ittifaqın katibi mərhum Hüseyn Abbaszadə və sədr Anar Rzayev qarşıladı. Hüseyn müəllimin münasibəti məndə yaxşı təəssürat yaratmadı. Onda Anar müəllimə müraciətlə dedim ki, mən buraya təyinatla gəlmişəm. Buradan iş gözləyim, yoxsa gözləməyim? Rəhbər sizsiniz.

Anar da qayıtdı ki, təklif etdiyimiz işlərdən imtina edirsiniz, bizim başqa alternativimiz yoxdur. “Siz sağ, mən salamat” deyib qapını bağladım və otaqdan çıxdım. Səməd Vurğun bağının yaxınlığında beynəlxalq zənglər üçün poçt şöbəsi vardı. Oradan Moskavaya tələbəlikdən tanıdığım iki dostuma zəng etdim. Biri Sovetlər İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri olan Vladimir Konstantinoviç Yeqor, digəri isə Ümumittifaq “Bilik” Cəmiyyətinin rəhbəri Yuri İvanoviç Qoyev idi. Onların köməkçiləri ilə danışdım, xahiş etdim çatdırsınlar ki, iş məsələsi ilə bağlı Moksvaya gəlmək istəyirəm.

Sonra Bakı-Qafan qatarına bilet alıb axşam saatlarında qatarla Füzuliyə yola düşdüm, Horadiz stansiyasından kəndimizə getdim. Bir də görüdüm Horadizdən məni kəndə gətirən avtomobil yenidən gəldi. Sürücü bildirdi ki, səni təcili Bakıya çağırırlar.

Məlum oldu ki, Azərbaycan KP MK-da mədəniyyət şöbəsinin müdiri ona Vəfa Quluzadəyə Moskvadan zəng olunub. O da Yazıçılar İttifaqına tapşırıq verib. Qısası, Vəfa Quluzadənin göstərişi ilə “Ədəbiyyat və incəsənət", indiki "Ədəbiyyat qəzeti"nə getdim. Mən ora çatana qədər artıq nəinki işə qəbul əmrim verilmişdi, mənim otağım da müəyyənləşdirilmişdi.

Qəzetin o zamankı baş redaktoru, Xalq şairi Nəriman Həsənzadəni həmişə hörmətlə xatırlayıram. Hesab edirəm ki, Azərbaycanın ən demokratik baş redaktorlarından biri məhz Nəriman Həsənzadəydi. Onun gedişindən sonra “Ədəbiyyat və incəsənət” qəzetinin tənəzzülünə diqqət yetirmək kifayətdir. Nəriman Həsənzadə qəzet üçün gecə-gündüz çalışan adam idi.

- SSRİ-nin süqutunun başlanğıc dövrünü Moskvada qarşılamısınız. O dövrdə cərəyan edən siyasi və etnik konfliktlərin əsas səbəblərini necə qiymətləndirirsiniz?

- Bu gün açılan arxivlər, sənədlər, vaxtilə gizli saxlanılan danışıqlar göstərir ki, Mixail Qorbaçovun hakimiyyətə gəlməsi təsadüfi, qanunauyğun proses də olmayıb. Onu hakimiyyətə gətirən müəyyən qüvvələr vardı. Əgər proses qanunauyğun şəkildə getsəydi, hakimiyyətə o zaman Siyasi Büro üzvü olan Heydər Əliyev gəlməliydi. Xidmətlərinə görə bu vəzifəyə ən çox haqqı çatan şəxslərdən biri məhz Heydər Əliyev idi. Mixail Qorbaçov çox sürətli şəkildə hakimiyyətə gətirildi.

Ötən əsrin 80-ci illərinin sonunda iki qüvvə arasında qarşıdurmanın daha da şiddətləndiyi bir dövr idi. Həmin dövrdə faktiki olaraq ölüm-dirim mübarizəsi gedirdi. Sovet İttifaqının çökməsi üçün mümkün olan bütün variantlardan istifadə olundu.

- Şeir yazan, yaradıcılıqla məşğul olan, ədəbiyyat institutunda təhsil alan bir gəncin tamamilə fərqli bir istiqamətə - əsasən ictimai fəaliyyətə, qeyri-hökümət təşkilatına yönəldiyi bu gün sizin bioqrafiyanızın danılmaz faktıdı. Bu dəyişikliyi necə dəyərləndirirsiz?

- 1987-ci ildə mən institutu bitirdim. 1988-ci ildə Qərbi Azərbaycandan, indiki rəsmi Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası baş verdi. Ermənistanın rəsmi statistikasına görə, bu rəqəm 200-300 min nəfər göstərilirdi. Mənim bildiyimə görə, əslində təxminən yarım milyona yaxın azərbaycanlı Ermənistandan qovulmuşdu.

1988-ci ildə bizim ailəyə də qaçqın və məcburi köçkünlər sığındı. Eyni zamanda Qarabağda da hadisələr başladı. O dövrdə mən şair və publisist kimi fəal fəaliyyət göstərirdim. Hadisələrin axarı elə istiqamət aldı ki, ölkədə Meydan hərəkatı start götürdü, Azərbaycan tarixində yeni bir mərhələnin əsası qoyuldu.

Qarabağda Əli və Bəxtiyarın faciəsi ilə başlayan qırğınlar xalqımız üçün çox ağır sınaq idi. Həmin illərdə sanki özümüz danışır, özümüz də eşidirdik. Səsimiz Biləcəridən o tərəfə keçmirdi, dünya ictimaiyyətinə çatmırdı. 1980-ci illərin sonlarında mən təhsil aldığım Qorki adına Ədəbiyyat İnstitutu ilə əlaqələrimdən istifadə etməyə başladım. Onu da deyim ki, bu institutda təkcə sovet respublikalarından yox, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırdı.

Mən bu əlaqələrdən istifadə edərək Almaniyadan, Baltikyanı ölkələrdən, Macarıstandan, Polşadan, sovet respublikalarından insanları Azərbaycana dəvət etdim. Məqsədim onların baş verən hadisələri öz gözləri ilə görmələrinə şərait yaratmaq idi. O dövrdə bizim informasiya çıxışımız demək olar ki, sıfıra yaxın idi. Bu proses təxminən 1992-ci ilə qədər davam etdi.

1992-ci il iyunun 22-də biz, təxminən 20-25 nəfər Moskvada, Azərbaycan nümayəndəliyində toplaşdıq və yaratdığımız təşkilatın - Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başladığını elan etdik. Təbii ki, bu təşəbbüsün müəllifi mən idim. Bu işdə mənə latviyalı şair və jurnalist Modris Auzniş böyük dəstək göstərirdi. Təəssüf ki, o, təxminən səkkiz il əvvəl dünyasını dəyişdi.

Azərbaycanın həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması bizim təşkilatın əsas məqsədlərindən biri idi. Çünki məsələ yalnız Azərbaycanla məhdudlaşmırdı, münaqişələr dünyanın müxtəlif yerlərində alovlanırdı. Bu hadisələrin əksəriyyəti isə dünyaya təhrif olunmuş şəkildə təqdim edilirdi. Orta Asiyada, Pribaltika regionunda baş verən hadisələr tamamilə fərqli təqdim olunurdu. Bəzi hallarda isə məlumat ümumiyyətlə gizlədilir, ya da çox cüzi şəkildə ictimaiyyətə çatdırılırdı.

Məsələn, şahidlər danışırdılar ki, 1988-ci ildə Ermənistanın müxtəlif rayonlarında rəhbərlik, hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlıların yaşadığı kəndlərə gələrək insanlara ultimatum verirdilər. Bildirirdilər ki, cəmi 24 saat vaxtınız var. Bu müddətdə ərazini tərk etsəniz yaxşıdır, əks halda təhlükəsizliyinizə biz cavabdeh deyilik. Deportasiya zamanı çox ağır faciələr baş verdi.

Bütün bunlar haqda isə heç bir mətbuat orqanında bircə sətir də oxumaq, məlumat almaq mümkün deyildi.

Fəaliyyət göstərdiyimiz 34 il ərzində təşkilatımız mühüm işlər həyata keçirdi. Birinci Qarabağ müharibəsinin başlandığı dövrlərdə biz 100-dən çox xarici jurnalistin regiona səfərini təşkil etdik. 2020-ci ildə sentyabrın 27-dən noyabrın 27-dək davam edən Vətən müharibəsi dövründə isə ön cəbhədən “Əl-Cəzirə” televiziyası ilə 101 canlı yayım açdıq, təxminən 32 reportaj hazırlayaraq beynəlxalq auditoriyaya təqdim etdik.

Bunlar olduqca ciddi və əhəmiyyətli fəaliyyətlər idi. Təsəvvür edin, bizim əməkdaşlıq etdiyimiz xarici jurnalistlər Moskvadan Ermənistana, oradan Yerevana, Yerevandan Şuşaya, Şuşadan isə Kəlbəcərə səfər edə bilirdilər. Kəlbəcərdə yandırılan evlərin görüntüləri də məhz bizim təşkil etdiyimiz səfərlər nəticəsində lentə alınmışdı.

- Statistikanı yuvarlaqlaşdırsaq, Beynəlxalq Avrasiya Mətbuat Fondundakı fəaliyyətiniz dövründə hansı üç mühüm hadisəni qeyd edərsiz?

- Mənim bəlkə də qeyd etdiklərim 300 hadisədən biridir. Bu illər ərzində boş günümüz olmayıb. Hər gün ölkəmiz və Qarabağımız üçün çalışmışıq. Mənim Yazıçılar İttifaqından aldığım evin bir otağı qonaqlar üçün ayrılmışdı. Bəzən elə olub, orada yeddi-səkkiz nəfər baş-ayaq yatıb. Onların qarşılanması, yola salınması, məlumat verilməsi və regionlara aparılması ilə məşğul olmuşuq.

Təşkilatımız 2007-ci ildə BMT statusu qazandı. Bu illər ərzində Nyu-Yorkda, Cenevrədə, Vyanada və digər şəhərlərdə Azərbaycan adından Qarabağla bağlı təxminən 30-a yaxın beynəlxalq tədbir keçirmişik. Bu tədbirlərdə orta hesabla ən azı 30-40 təşkilatın nümayəndəsi iştirak edib.

Pandemiya dövrünə düşdüyü üçün təqdim edə bilməsək də, 2019-cu ildə "Əl-Cəzirə" televiziyası ilə Azərbaycanla bağlı 5 film çəkdik. 25 dəqiqədən ibarət filmlərin hər biri 2019 və 2020-ci illərdə "Əl-Cəzirə"nin efirində yayımlandı. Bu şəkildə yüzlərlə fəaliyyətimizi qeyd edə bilərik. Bu mənada bu gün xoşbəxtəm ki, Qarabağın qayıtmasında az da olsa xidmətim var.

- Bir qarabağlı kimi müharibədən əvvəlki və sonrakı Qarabağı müqayisə etdikdə, həsrətində olduğunuz həyata qayıdış prosesi necə gedir, razısınızmı?

- Qarabağın işğal altında olmuş ərazilərinin azad edilməsi, əsasən, Azərbaycan təkbaşına öz gücü və imkanları hesabına həyata keçirildi. Şübhəsiz ki, dost və qardaş ölkələrin mənəvi dəstəyi oldu, amma əsas yük Azərbaycanın üzərinə düşdü. Hazırda həyata keçirilən qayıdış prosesi də faktiki olaraq Azərbaycanın öz resursları və imkanları hesabına aparılır. Şükürlər olsun ki, ölkənin mövcud resursları bu böyük fəaliyyəti həyata keçirməyə imkan verir.

Qayıdış məsələsi hər şeydən əvvəl həm də təhlükəsizlik məsələsidir. Bölgədə bir milyon yarımdan çox mina və partlamamış hərbi sursatın olduğu bildirilir. Bu səbəbdən hələ də partlayışlar baş verir və nəticədə həyatını və ya sağlamlığını itirən insanlar olur. Məhz buna görə qayıdış proqramı müəyyən plan və mərhələlər əsasında həyata keçirilir. Mən hesab edirəm ki, ötən beş il ərzində qayıdışın təmin olunması üçün mümkün olan bütün addımlar atılıb, hətta gözləniləndən daha artıq iş görülüb.

Artıq Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam və Kəlbəcər rayonlarında məskunlaşma prosesi başlayıb. Say baxımından bu göstərici hələ az görünə bilər, amma düşünürəm ki, növbəti beş il ərzində bu rəqəm bir neçə dəfə artacaq. Bu istiqamətdə çox böyük bir sıçrayışın olacağını gözləyirəm. Bunun əsas səbəbi ondan ibarətdir ki, bəzi ərazilərdə yaşayış üçün nəzərdə tutulan sahələrin böyük hissəsi artıq minalardan təmizlənib. Növbəti beş ildə isə bu proses daha geniş şəkildə davam etdiriləcək və insanların həmin ərazilərdə məskunlaşması üçün daha geniş imkanlar yaranacaq.

Əlbəttə, hər kəs istəyər ki, proses daha sürətli və daha geniş miqyasda həyata keçirilsin. İnsanların öz dədə-baba yurdlarına daha tez qayıtması hər kəsin arzusudur. Məsələn, mən şəxsən öz ata evimi bərpa etməyi çox istərdim və bu məsələ ilə bağlı dəfələrlə müxtəlif platformalarda fikirlərimi bildirmişəm. Bildiyimə görə, bu istiqamətdə müəyyən müzakirələr aparılır.

Düşünürəm ki, sakinlərin özlərinin də bu prosesə qoşulması çox vacibdir. Qarabağdan olan kifayət qədər imkanlı insanlar var və onların bir çoxu bu işə töhfə verməyə hazırdır. Onların bəziləri yalnız öz evlərini bərpa etməklə kifayətlənməyib, eyni zamanda qonşularına da kömək etməyi bacararlar. Belə insanlar həqiqətən mövcuddur. Məncə, bu cür təşəbbüslərə şərait yaradılmalıdır.

Vətəndaşların prosesə qoşulması vacibdir, hökumət bunun üçün müvafiq şərait yaratmalıdır. Bu məsələlər Milli Məclisdə də, bu sahə ilə məşğul olan müxtəlif dövlət qurumları arasında da müzakirə olunur. Düşünürəm ki, optimal bir variant tapılacaq.

- Qarabağın azad edilməsindən sonra Bakı Avrasiya Mətbuat Fondu olaraq fəaliyyətiniz tamamlamış hesab edilə bilərmi?

- Düşünmürəm ki, missiyamız başa çatıb. Zaman göstərir ki, ictimai sektorun, vətəndaş cəmiyyəti aktorlarının fəaliyyəti bu gün daha da önə çıxır. Azərbaycanın uğurlarından məmnun olmayan kifayət qədər ölkələr mövcuddur. Bu səbəbdən vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti vacibdir və onlara meydan verilməlidir.

Hər gün informasiya savaşındayıq, Azərbaycanın haqq səsini dünyaya çatdırırıq.

- Umud müəllim, yardıcılığınız davam edirmi?

- Hərdən xatirələrimi qeyd edirəm. 1994-cü ildə Horadiz əməliyyatı dövründə kəndimiz uğrunda böyük döyüşlər getdi. Ən çox qan tökülən kəndlərdən biri də bizim Aşağı Əbdürrəhmanlıdı. Cəbhə xətti kəndimizin yaxınlığından keçirdi. İşğal dövründə kəndimizi ziyarət edərkən nə qədər güllə yağışına tutulmuşam, hərdən deyirəm ki, sanki ilahi qüvvə məni qoruyub. Ad günlərimin çoxunu kəndimizdə qeyd etmişəm, o zaman Azərbaycanda olan hissəsində.

Kəndimiz dağıdılmış olsa da, orada çox xatirələrim var, məktəbin qalıqları, qoyun otardığımız yerlər, quşəppəyi yediyimiz bənövşəliklər, balıq tutduğumuz Çəvəkənd çayı.

Mən torpağa dərindən bağlıyam və Azərbaycanı böyük sevgi ilə sevirəm. Dünyanın 80-ə yaxın ölkəsində olmuşam, bəzilərinə isə dil bilmədən getmişəm. Şahidəm ki, insanın vücudu danışanda dilə ehtiyac qalmır, mən dilini bilmədiyim neçə-neçə insana dərdimizi başa sala bilmişəm.

Atam 2016-cı il dekabrın 7-də vəfat etdi. Vəsiyyət etmişdi ki, Umud məni kəndimizdə dəfn etsin. Onda oraya getmək asan deyildi, müvafiq dövlət qurumlarından da icazə almaq lazım idi. Hava əlverişli deyildi, qış, qar, şaxta... Müvafiq danışıqlardan sonra razılıq aldıq. Oğlum, qardaşım və bir neçə dostumuzla gecə saat 8-də telefon işığında hərbçilərin dəstəyi ilə atamı cəbhə xəttinin beş addımlığında dəfn etdik. Erməni snayperləri 150-200 metrlikdə idilər.

Təəssüf ki, atamın dəfnində iştirak edən hərbçilərin böyük əksəriyyəti Qarabağ müharibəsində dünyalarını dəyişfilər. Allah onlara rəhmət eləsin.

Bu il yanvarın 30-da Tərtərə, Ağdərəyə, Ağdama və oradan da Füzuliyə gəldim. Kəndimizə gedib atamın məzarını yenidən ziyarət etdim. Dərdləşdik...

Bu söhbəti atama həsr etdiyim şeirlə bitirmək istəyirəm:

Ata sözü oldu ana yasamız,
Dinlədik, böyüdük nəsihətinlə.
Düşmən səngərinin önünə gedib,
Biz səni dəfn etdik vəsiyyətinlə...

"Ayıq-sayıq olun" deyərdin bizə,
Kiprik də bəs edər çəpər olmağa.
Sən bura gəlmədin uyumaq üçün,
Sən bura gəlmişdin sipər olmağa.

Burda güllələnib bütün məzarlar,
Mən də güllələnmiş qara bir daşam.
Sözüm çox olsa da sənə deməyə,
Başdaşın önündə lal dayanmışam.

Haraya baxıram, min xatirəm var,
Qəlbimi sızladır talan kəndimiz.
Bir yanda dağılmış, sökük məzarlar,
Bir yanda viranə qalan kəndimiz.

İti qovan kimi qovduq düşməni,
Qalib olmağımızda ilahi haqq var.
Müzəffər ordunun sıralarında
Bax, bu məzarlar da savaşırdılar.

Savaş başlayanda qana-qan deyib,
Mən də bir əsgər tək keşikdə durdum.
Ölməz şəhidlərin çiyinlərində,
Şuşanı fəth etdi müzəffər ordum!

FOTO: Elnur Muxtar



Chosen
19
teleqraf.com

1Sources