EN

Qazaxıstanda yeni konstitusiya referendumu yüksək fəallıqla baş tutub

BAKI, TurkicWorld, Nailə Babazadə

Qazaxıstanda dövlət idarəetmə sistemində köklü dəyişiklikləri nəzərdə tutan yeni konstitusiya layihəsi üzrə referendum keçirilib.

TurkicWorld xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, səsvermədə iştirak payı 73,24 faiz təşkil edib. Bu o deməkdir ki, qeydiyyatda olan 12,4 milyondan çox seçicidən 9 milyon 126 min 850 nəfəri sandıq başına gedərək ölkənin gələcək hüquqi taleyini müəyyən etmək üçün səs verib. Qanunvericiliyə əsasən, seçicilərin yarısından çoxu səsvermədə iştirak etdiyi üçün referendum etibarlı hesab olunub.

Referendumun gedişatını beynəlxalq müşahidəçilər, o cümlədən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndə heyətləri yaxından izləyib. TÜRKPA-nın Baş katibi Ramil Həsən paytaxt Astana, habelə Almatı və Türküstan bölgələrində aparılan müşahidələrin nəticələrini bölüşərək, səsvermə prosesinin beynəlxalq standartlara və yerli qanunvericiliyə tam uyğun keçdiyini, hər hansı ciddi pozuntunun qeydə alınmadığını bildirib. TDT Baş katibinin müavini Ömer Kocaman isə bu islahatların Qazaxıstanın siyasi kimliyini və strukturunu yeniləyəcəyini vurğulayaraq, nəticələrin bütün türk dünyası üçün xeyirli olmasını arzulayıb.

Yeni konstitusiya layihəsi ölkənin siyasi sisteminin hərtərəfli yenidən qurulmasını, xüsusilə də təkpalatalı parlament sisteminə keçidi hədəfləyir. Prezident Kasım-Jomart Tokayev tərəfindən irəli sürülən bu islahatlar konstitusiyanın ümumilikdə 84 faizinə təsir edir. Ötən ilin sentyabrında anonsu verilən və cari ilin fevralında referendum qərarı imzalanan bu layihə xalq tərəfindən rəsmən dəstəklənərsə, yeni konstitusiyanın 1 iyul 2026-cı il tarixdən qüvvəyə minməsi gözlənilir. Bu dəyişikliklə Qazaxıstan idarəetmədə çevikliyi artırmağı və qanunvericilik prosesini daha effektiv etməyi planlaşdırır.

Chosen
45
turkic.world

1Sources