Trend bu barədə "Total Energies" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, "TotalEnergies Absheron B.V." tərəfindən həyata keçiriləcək "Abşeron" Yatağının Tam İşlənməsi (YTİ) Layihəsi üçün Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) hazırlanıb. Qiymətləndirmə Azərbaycan qanunvericiliyi, beynəlxalq konvensiyalar, Abşeron üzrə Hasilatın Pay Bölgüsü Sazişi və beynəlxalq neft sənayesi standartlarına uyğun aparılıb.
Layihə Abşeron dəniz qaz-kondensat yatağında daha əvvəl uğurla həyata keçirilmiş Erkən Hasilat Sxemi mərhələsindən sonra növbəti inkişaf mərhələsini təşkil edir. Planlara əsasən, layihə çərçivəsində üç (gələcəkdə əlavə bir) sualtı quyunun qazılması, sualtı infrastrukturun qurulması, dəniz və quru boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Həmçinin Səngəçal Terminalından təxminən 4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyekti (MEO) tikiləcək.
Bu obyekt çıxarılan xam qaz və mayeləri emal edəcək. Emal olunmuş qazın Cənubi Qafqaz Boru Kəməri və Azərbaycanın daxili qaz şəbəkəsinə ötürülməsi planlaşdırılır. Stabilizasiyadan keçməmiş kondensat isə Səngəçal Terminalına nəql ediləcək.
ƏMSTQ sənədində layihənin qazma, tikinti, sualtı quraşdırma, işəsalma və istismar mərhələləri üzrə ətraf mühitə, sosial sahəyə və mədəni irsə mümkün təsirləri qiymətləndirilib. Araşdırma 2024-2025-ci illərdə quruda və dənizdə aparılan ilkin ekoloji və sosial tədqiqatlara əsaslanıb.
Qiymətləndirmənin nəticələrinə görə, layihənin həyata keçirilməsinə mane ola biləcək böyük mənfi ekoloji və sosial təsirlər müəyyən edilməyib. Orta səviyyəli risklər əsasən fövqəladə və az ehtimallı hallarla - məsələn, qazın qeyri-müntəzəm məşəldə yandırılması və ya təsadüfi karbohidrogen sızmaları ilə bağlı ola bilər. Bu risklərin texniki layihələndirmə, operativ nəzarət və fövqəladə hallara hazırlıq tədbirləri ilə idarə olunacağı bildirilib.
Hesabatda göstərilir ki, layihə çərçivəsində tətbiq olunacaq idarəetmə və azaldıcı tədbirlər nəticəsində qalıq təsirlərin əksəriyyəti "cüzi" və ya "kiçik" səviyyədə olacaq. Bu təsirlərə dəniz və quru faunasının qısamüddətli narahatlığı, hava emissiyaları, səs-küy, tullantıların yaranması və resurslardan istifadə kimi amillər daxildir və onların əsasən lokal və müvəqqəti olacağı qeyd olunur.
Bununla yanaşı, layihənin müsbət sosial-iqtisadi təsirləri də gözlənilir. Buraya yerli məşğulluğun artması, yerli şirkətlər üçün satınalma imkanları, kadr potensialının inkişafı və ölkənin enerji təhlükəsizliyinə töhfə daxildir.
Layihə üzrə ictimaiyyət və maraqlı tərəflərlə müzakirələr də aparılıb. Bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmələr, ictimai rəyin toplanması və müvafiq sənədlərin hazırlanması daxil olub.
Ümumilikdə, aparılan qiymətləndirməyə əsasən, nəzərdə tutulan bütün idarəetmə və azaldıcı tədbirlər həyata keçirildiyi təqdirdə, "Abşeron" Yatağının Tam İşlənməsi Layihəsi ətraf mühit və sosial baxımdan məqbul hesab olunur.
"Abşeron" qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.
1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək.