Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda nəqliyyat sıxlığı ilə bağlı məlumat yayıb. Mərkəzin açıqlamasına görə, paytaxtın 18 əsas yol və prospektində ciddi tıxac müşahidə olunur. Bu vəziyyət şəhərin böyük hissəsində nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkələrdə də müzakirələr aparılır. Jurnalist Asif Mirzəli mövzu ilə bağlı paylaşım edərək paytaxtda yaranan tıxac vəziyyətini tənqid edib. O bildirib ki, şəhərdə onsuz da məhdud olan yolların daraldılması nəqliyyat problemini daha da dərinləşdirir.
Onun sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bəzi küçə və prospektlərdə velosiped zolaqları və parklanma yerlərinin yaradılması nəticəsində hərəkət zolaqlarının azalması tıxacların artmasına səbəb olur. Paylaşımda həmçinin qeyd olunub ki, uzun müddət davam edən tıxaclar səbəbindən hər gün paytaxt küçələrində böyük həcmdə yanacaq sərf olunur ki, bu da həm ətraf mühitə, həm də sürücülərin büdcəsinə mənfi təsir göstərir.
Məlumata görə, AYNA Bakıda parklanma yerlərinin sayını 100 minə çatdırmağı hədəfləyir və bu istiqamətdə müxtəlif ərazilərdə yeni parklanma məntəqələri yaradılır.
Eyni zamanda bəzi sahibkarlar da yeni yol təşkilindən narazılıqlarını bildirirlər. Dünən Xəzər TV tərəfindən yayımlanan süjetdə Yaşıl Bazar ətrafında fəaliyyət göstərən sahibkarlar qeyd ediblər ki, Xətai prospekti üzərində velosiped zolağının və parklanma yerlərinin yaradılması müştərilərin mağazalara gəlişini çətinləşdirib və bu da satışlara təsir göstərib.
Mövzu ilə bağlı müzakirələr davam edir. Ekspertlər hesab edirlər ki, paytaxtda artan avtomobil sayını nəzərə alaraq nəqliyyat probleminin həlli üçün alternativ yolların yaradılması və ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi vacibdir.