Almaniyanın “Bavariya” komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya “Atalanta"sı ilə cavab oyununa 16 yaşlı qapıçı ilə çıxa bilər.
Hafta.az xəbər verir ki, buna səbəb Münxen klubunun hər üç qolkiperinin zədəli olmasıdır. Manuel Noyer baldır əzələsindəki zədədən sonra bərpa dövrü keçir. Yonas Urbiq "Atalanta"ya qarşı ilk matçda beyin silkələnməsi keçirib. Sven Ulrayx isə Bundesliqanın son turunun "Bayer”lə görüşündə adduktor əzələsindən zədə alıb.
Əgər bu 3 qapıçıdan heç biri “Atalanta” ilə martın 18-də keçiriləcək ikinci oyuna qədər sağalmasa, son iki qarşılaşmada ehtiyat oyunçular skamyasında olan 16 yaşlı Leonard Preskott start heyətində meydana daxil ola bilər. Digər namizəd isə Yannis Bartldır. 19 yaşlı qolkiper bu mövsüm Bundesliqada artıq iki dəfə əsas komandanın heyətində yer alıb.
Qeyd edək ki, “Bavariya” ilk oyunda səfərdə “Atalanta”nı darmadağın edib – 6:1.