EN

İlbər Ortaylı niyə qaçqın düşərgəsində doğulub? – ARAŞDIRMA

Bir neçə gün öncə məşhur türk tarixçi İlbər Ortaylı vəfat etdi. Onun Krım əsilli olduğu, Avropada düşərgədə doğulduğu bilinsə də, geniş ictimaiyyətə bu faktın səbəbi bəlli deyildi. Həmin düşərgələr kimlər üçün idi, Ortaylı ailəsi niyə orada yaşayırdı sualları müntəzəm verilirdi.

Bu mövzu ötən il müdafiə etdiyim elmi işimlə birbaşa bağlı olduğu üçün bəzi məsələləri paylaşmaq istəyirəm.

1941-ci ildə almanların Krımı işğal etməsi nəticəsində bölgədə yeni ab-hava yarandı. Almanlar mövcud hakimiyyətlərinin Rusiyadan fərqli olduğunu göstərmək, işğal edəcəkləri növbəti türk-müsəlman yurdlarında simpatiya oyatmaq üçün tatarlara bəzi haqlar verməyə başladılar. Rusların qadağan etdikləri dini və milli adət-ənənələr bərpa olundu, milli qəzetlər, teatrlar yenidən fəaliyyətə başladı, milli komitələrin çalışmalarına izn verildi.

1942-ci il yanvarın 11-də Ağməsciddə (Simferopol) “Azad Krım” adlı qəzet fəaliyyətə başladı ki, bu orqanın yazarlarından biri də krımlı Kamal Ortaylı idi.

1944-cü ildə rusların Krımı yenidən ələ keçirmələrindən sonra nəticələri hələ də aktual olan sürgün hadisəsi yaşandı. Ruslar Krım tatarlarını almanlarla əməkdaşlıq etdikləri iddiası ilə cəzalandırıb tarixi yurdlarından zorla köçə məcbur etdilər. Bəzi ailələr isə almanlara qoşularaq bu təhlükədən qurtulmağı bacardı. Onlar Almaniyaya gedərək müxtəlif işlərdə çalışmağa başladılar. Həmin qurtulanlardan biri də Kamal Ortaylı idi.

Qaçqınlarla bağlı addımlar

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Avropaya sığınanlar qaçqın həyatı yaşamağa başladılar. Milyonlarla insanın didərgin düşməsi beynəlxalq səviyyədə yeni yardım və mühafizə mexanizmlərinin yaradılmasını zəruri etmişdi. Millətlər Cəmiyyətinin bu sahədəki fəaliyyəti yetərsizdi, ona görə də əvvəlcə ABŞ-nin təşəbbüsü ilə, daha sonra isə çoxsaylı dövlətlərin iştirakı ilə müharibə qurbanlarına yardım göstərmək üçün yeni beynəlxalq qurumlar formalaşdırıldı. Nəticədə Birləşmiş Millətlər Yardım və Bərpa İdarəsi — UNRRA 1943-cü ildə 44 dövlətin razılığı əsasında yaradıldı. Qurumun əsas məqsədi müharibədən zərər çəkmiş insanlara ərzaq, geyim, yanacaq, sığınacaq, tibbi və sosial yardım göstərmək idi. 1945-ci ilin ortalarında yalnız Almaniyada təxminən 2 milyon qaçqına qayğı göstərilməsi UNRRA-nın fəaliyyət miqyasını açıq şəkildə göstərməkdə idi.

UNRRA-nın fəaliyyəti nəticəsində Avropadakı düşərgələrdə yaşayan insanların sayı əhəmiyyətli dərəcədə azaldı. Bununla belə, müharibədən sonra hamının vətənə qayıtmaq istəmədiyi də aydın oldu. Bir çox insan öz ölkəsində dəyişən siyasi rejimlər, təqiblər və təhlükələr səbəbindən geri dönməkdən imtina edirdi. Bu şəraitdə 1946-cı ildə Birləşmiş Millətlər yeni bir qurumun — Beynəlxalq Qaçqınlar Təşkilatının, yəni IRO-nun yaradılmasına qərar verdi. IRO UNRRA-nın bəzi funksiyalarını öz üzərinə götürərək qaçqınların yalnız mühafizəsi və saxlanmasını deyil, eyni zamanda onların üçüncü ölkələrə köçürülməsini də təşkil etməyə başladı.

IRO-nun fəaliyyəti qaçqın məsələsində daha sistemli yanaşma ilə seçilirdi. Təşkilat düşərgələrin idarə olunması, insanların yerləşdirilməsi, peşə hazırlığı və sosial uyğunlaşması sahəsində mühüm işlər görmüşdü. 1948-ci ilin ortalarında yüz minlərlə insan IRO-nun nəzarəti altında olan düşərgələrdə yaşayırdı. Bu düşərgələr kiçik yaşayış məntəqələrindən tutmuş böyük hərbi kazarmalara qədər müxtəlif formalarda idi.

Krım türklərinin düşərgə həyatı

Krımlı qaçqınlardan Kərim Toktarın məlumatlarına görə, Avropanın müxtəlif ölkələrində yerləşdirilmiş tatarlar arasında ən ağır taleyi İtaliyadakı düşərgələrdə yaşayanlar çəkmişdi. Onların bir hissəsi müharibənin ilk illərində bolşeviklərə təslim edilmiş, digərləri isə çıxılmazlıq qarşısında intihar etmişdi. Lakin Almaniya və Avstriyada yerləşən düşərgələrdə Krım türkləri daha təşkilatlanmış bir sosial və təhsil həyatı qura bilmişdilər. Müharibədən sonra Almaniyanın Mittenvald bölgəsi, Avstriyanın isə əvvəlcə Landek, daha sonra Alberşvende düşərgələri Krım türklərinin əsas toplaşdığı məkanlara çevrilmişdi. Xüsusilə Alberşvende düşərgəsində 300-dən çox insan yaşayırdı və onların böyük hissəsini ailələr təşkil etdiyindən uşaqların təhsil məsələsi çox aktuallaşmışdı.

Məhz bu ehtiyac nəticəsində düşərgələrdə məktəblər yaradıldı. Müəllimlər, ziyalılar və valideynlər öz təşəbbüsləri ilə əvvəlcə Landek düşərgəsində uşaqlar üçün məktəb açdılar. Feldkirşdə yaşayan azsaylı ailələr də öz uşaqlarını ayrıca oxutmağa başladılar. Abdullah Kırımcanın təşəbbüsü ilə “Baltacılar” adlı oxu kitabı tərtib edildi.

Qaçqınlar fransız ordusunun dəstəyi ilə məktəb üçün xüsusi baraka əldə etdilər; masa, stul və lövhə ilə təchiz olunan otaqlar sinif otaqlarına çevrildi və tədris planlı şəkildə davam etdirildi. Kərim Toktarın yazdıqlarına görə, bu məktəb rəsmi şəkildə fransız hakimiyyət orqanları tərəfindən tanınmış, maddi dəstək görmüş və üç il fasiləsiz fəaliyyət göstərmişdi.

Məktəbdə ana dili, türk ədəbiyyatı, tarix, coğrafiya, yurd bilgisi, riyaziyyat, fizika və din dərsləri keçirilirdi; sonralar həftədə iki saat alman dili də tədrisə daxil edilmişdi. Məktəbdə 1-dən 5-ə qədər siniflər, eləcə də bir qarışıq yüksək sinif fəaliyyət göstərirdi. Ümumilikdə 53 şagirdin oxuduğu bu məktəbin tədris planının Türkiyədəki məktəblərin proqramına uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyırdı. Bunun nəticəsində 1948-ci ilin noyabrında Türkiyəyə gələn tatar uşaqlar oradakı məktəblərdə uyğun siniflərə qəbul olunmuş, təhsillərini rahatlıqla davam etdirə bilmişdilər. Sonradan bu uşaqların bir çoxunun ali məktəb bitirməsi, həkim, mühəndis, diş həkimi, kimyaçı, iqtisadçı və digər peşə sahiblərinə çevrilməsi düşərgə məktəblərinin nə qədər uğurlu və uzaqgörən təşəbbüs olduğunu sübut etməkdəydi.

Alberşvende düşərgəsində evlilik

Alberşvende və Mittenvald düşərgələrində folklor qrupları, mahnı dəstələri və teatr fəaliyyətləri də təşkil olunurdu. Dərslər bəzən tətbiqi şəkildə keçirilir, səhnəciklər hazırlanır, şagirdlər bu tamaşalarda iştirak edirdilər. Tatarlar Krımda olduğu kimi düşərgədə də Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini səhnəyə qoyublar.

Alberşvende düşərgəsində çalışan müəllimlərin tərkibi də diqqətəlayiqdi. Tarix dərsini Kamal Ortaylı, ingilis dilini Şəfiqə Ortaylı, riyaziyyatı Fəxri xoca, türk dilini Kərim Toktar, din bilgisi və köhnə əlifbanı Kelam Çongarlı, türkcə və oxunu Mustafa Cankılıç, bədən tərbiyəsini Arif xoca tədris edirdi. Uşaq bağçasını Fatma xanım idarə edir, balet və rəqs məşğələlərini Asiyə Tarcan aparırdı. Birinci sinif şagirdlərinə Yaqub xoca dərs keçirdi. Bundan əlavə, ispan rəssam Santos Seminas Tomasın şagirdlərə rəsm dərsi verməsi və il sonunda onların işlərinin sərgilənməsi düşərgə həyatında estetik tərbiyəyə də yer verildiyini göstərirdi.

Qaçqınların mədəni həyatında kitab təminatı məsələsi də mühüm yer tuturdu. Avropadakı türk mühacirlər Türkiyədən kitab istəyib, bunun üçün rəsmi məktublar göndəriblər. 19 noyabr 1946-cı il tarixli məktubda Alberşvendedəki düşərgədə yaşayan 300 türk mühacir adından Əbdüləziz Bosgosi İstanbul Eminönü Xalqevi sədrliyindən kitab göndərilməsini xahiş edib. Ardınca Türkiyədən bu müraciətə cavab verilib, əvvəlcə 20, sonra isə əlavə olaraq 38 kitabın göndərildiyi bildirilib.

Düşərgədə dərs deyən müəllimlərdən Şəfiqə Ortaylı 1918-ci ildə Krımın Canköy bölgəsinə bağlı Kurman Kemelçi kəndində anadan olub. Rusların Krımı yenidən ələ keçirməsindən sonra 1944-cü ilin mayında Akyar üzərindən Krımdan ayrılmaq məcburiyyətində qalıb. Müharibə şəraiti onu Rumıniya və Polşa vasitəsilə Avstriyaya aparıb, burada ailə üzvləri ilə birlikdə müharibənin son ilini və sonrakı dövrü qaçqın düşərgələrində ağır şəraitdə keçirib.

Həmin illərdə Şəfiqə xanım Avstriyanın Breqenz yaxınlığındakı Alberşvende düşərgəsində Kefe bölgəsinin Ortay kəndindən olan Kemal Ortaylı ilə ailə qurub.

İlbər Ortaylı da məhz belə bir şəraitdə evlənən Kamal və Şəfiqə xanımın övladı olaraq Alberşvende düşərgəsində doğulub. İsmət İnönü hökumətinin qaçqınları qəbul etmələri ilə bağlı qərarından sonra Ortaylı ailəsi də Türkiyəyə yola düşüb.

Türkiyəyə gəldikdən sonra Şəfiqə xanım Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Rus dili və ədəbiyyatı bölməsində uzun müddət müəllim kimi fəaliyyət göstərib, çox sayda tələbə yetişdirib. O, rus dilini mükəmməl səviyyədə bilib, bununla yanaşı alman və ingilis dillərinə də dərindən yiyələnib. Şəfiqə xanım 10 iyul 2020-ci ildə 102 yaşında Ankarada vəfat edib, Gölbaşı məzarlığında dəfn olunub.

Kamal Ortaylı 1955-ci ildə Ankarada yaradılan Krım Dərnəyinin qurucuları sırasında yer alıb, eyni zamanda Krım tarixinə dair çoxsaylı rusdilli əsərləri türk dilinə çevirib.

Beləliklə, qaçqın ata və anadan Avropada dünyaya gələn İlbər Ortaylı Türkiyənin ən böyük tarixçilərindən birinə çevrilə bilmişdi. O, 2019-cu ildə doğulduğu yerləri ziyarət etmişdi…Teleqraf.az

Chosen
48
5
veteninfo.az

6Sources