EN

Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanlı gənc alim Abutalıb Namazov dünyanın ən nüfuzlu və qəbulu ən çətin akademik proqramlarından biri hesab edilən Massachusetts Institute of Technology (MIT) universitetinin doktorantura proqramına başlayıb. Hələ bakalavr təhsili dövründə apardığı araşdırmalar MIT-in rəsmi saytında təqdim olunan Abutalıb Namazovun artıq universitetin müəllim və tədqiqatçıları sırasında yer alması ölkəmiz üçün qürurverici hadisə kimi qiymətləndirilir. Bu proqramda təhsil almış və Azərbaycanda da yaxşı tanınan şəxslərdən biri isə Səlcuq Bayraktardır.

23 yaşı tamam olacaq Abutalıb Namazov Azərbaycanda ilk dəfə 2020-ci ildə MIT-ə qəbul olunması ilə geniş ictimaiyyətin diqqətini cəlb etmişdi. Ondan əvvəl isə o, yerli və beynəlxalq informatika olimpiadalarında qazandığı uğurlarla tez-tez gündəmə gəlirdi. Gənc azərbaycanlının əldə etdiyi nailiyyətlər xüsusilə məktəblilər üçün güclü motivasiya mənbəyinə çevrildi. Nüfuzlu universitetlərə qəbulun mümkün olduğuna inanan gənclər daha məqsədyönlü çalışmağa başlayaraq dünyanın aparıcı ali məktəblərində təhsil almağa can atdılar.

Sadə və imkanlı olmayan bir ailədən çıxması, səmimi davranışı və aydın nitqi ilə gənclərə təsir edə bilməsi Abutalıb Namazovu məktəblilər arasında xüsusi nüfuz sahibi edib. Verdiyi müsahibələrdə azərbaycanlı uşaqların böyük potensiala malik olduğunu tez-tez vurğulayan gənc alim Bakıda və regionlarda çox sayda istedadlı gəncin yetişdiyini qeyd edərək onları həvəsdən düşməməyə çağırıb. Onun sözlərinə görə, düzgün istiqamət və ciddi əmək sayəsində azərbaycanlı gənclər dünyanın ən güclü universitetlərində təhsil ala bilərlər.

Abutalıb Namazov yalnız şəxsi uğurları ilə deyil, ölkədə gənc istedadların inkişafına verdiyi töhfə ilə də diqqət çəkir. O, hər tətil dövründə Azərbaycana qayıdaraq vaxtını məktəblilərin informatika olimpiadalarına hazırlığına sərf edir, xüsusi təlim düşərgələri təşkil edir. “Bizdən daha istedadlı şagirdlərimiz var” sözlərini tez-tez səsləndirən Namazov digər olimpiada qaliblərini də ətrafına toplayaraq bu sahədə böyük bir komanda formalaşdırıb.

Elm və Təhsil Nazirliyinin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində aparılan bu işlər beynəlxalq elm yarışlarında Azərbaycanın nəticələrinə də müsbət təsir göstərib. Nazirliyin əməkdaşlarından birinin sosial media paylaşımında qeyd olunur ki, Abutalıb Namazov ölkədən uzaqda olsa belə, olimpiadaların təşkili və keçirilməsi prosesində fəal iştirak edir, gecələr belə çalışaraq Olimpiada Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir.

Bu təşəbbüskarlıq və əmək öz nəticəsini verib. Ötən il Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasından üç medalla qayıdıblar ki, bu da ölkənin gənc istedadları üçün mühüm nailiyyət hesab olunur.

Abutalıb Namazov MIT-də bakalavr təhsilini 5 üzərindən 5 ortalama ilə başa vurub. O, hələ üçüncü kursda magistratura proqramına qəbul olunub, doktorantura mərhələsinə keçərkən isə universitetin xüsusi prezident (rektor) təqaüdünə layiq görülüb. Onun təhsilinin bütün mərhələləri universitet tərəfindən maliyyələşdirilib.

Azərbaycan Təhsil İnstitutunun direktor müavini və istedadlı məktəblilərlə işə rəhbərlik edən Fuad Qarayev sosial şəbəkə paylaşımında Abutalıb Namazovu və bu il Oksford Universitetində doktoranturaya qəbul olunan Abbas Məmmədovu “brilyant doktorantlar” adlandırıb.

Gənc alim son günlər daha bir təşəbbüslə də çıxış edib. O, azərbaycanlı proqram mühəndislərinin bilik və təcrübələrini bölüşməsi üçün yeni platforma yaradıb. Kodlar.az saytında Abutalıb Namazov və digər istedadlı proqramçılar müxtəlif öyrədici materiallar və praktiki təcrübələr paylaşaraq gənc proqramçılara dəstək olurlar.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
azpolitika.info

1Sources