EN

Bayramda kreditə gecikmə yazılırmı? - DETALLAR

Qarşıdan uzunmüddətli bayram günləri gəlir və bu müddətdə bankların fəaliyyətində fasilə yaranacaq.Belə hallarda vətəndaşları ən çox narahat edən məsələlərdən biri kredit ödənişlərinin necə həyata keçiriləcəyi və gecikmə cəriməsinin tətbiq olunub-olunmayacağıdır.

Bəzi vətəndaşların kredit ödəniş tarixləri məhz qeyri-iş günlərinə təsadüf edir. Banklar isə adətən ödənişlərin bayramdan əvvəlki son iş günündə həyata keçirilməsini tövsiyə edirlər. Lakin mütəxəssislər bildirirlər ki, vətəndaşların krediti bayramdan əvvəl ödəmək kimi bir öhdəliyi yoxdur.

Day.Az xəbər verir ki, ekspertlərin sözlərinə görə, kredit müqaviləsində göstərilən tarix əsas götürülür. Əgər ödəniş tarixi qeyri-iş gününə düşürsə, vətəndaş həmin gün də ödənişi həyata keçirə bilər. Çünki hazırda ödənişlərin böyük hissəsi onlayn bank tətbiqləri və ya ödəniş terminalları vasitəsilə edilir. Bu səbəbdən vətəndaşların nə ödənişi əvvəlcədən etməsinə, nə də bayram günlərinin bitməsini gözləməsinə ehtiyac var.

Bununla yanaşı, qanunvericiliyə əsasən, ödəniş tarixi rəsmi qeyri-iş gününə düşərsə, həmin öhdəlik növbəti ilk iş gününə keçirilmiş hesab olunur. Yəni vətəndaş ödənişi ilk iş günü etdikdə ona gecikmə və ya əlavə faiz tətbiq edilmir və kredit tarixçəsi də zərər görmür.

Bəzi insanlar hesab edir ki, banklar işləmədiyi üçün bayram günlərində edilən ödənişlərin sistemdə əks olunması mümkün deyil. Lakin mütəxəssislər bildirirlər ki, bu doğru deyil. Vətəndaş ödənişi hansı gün edirsə, həmin tarix bank sistemində qeyd olunur.

Əgər vətəndaş ödənişi vaxtında etsə, lakin bank sistemi bayram günlərində yenilənmədiyi üçün ödəniş sonradan sistemə düşərsə, bu artıq bankın texniki məsələsi sayılır və həmin şəxsə gecikmə və ya cərimə tətbiq edilə bilməz.

Ekspertlər qeyd edirlər ki, vətəndaş ödənişi vaxtında etdiyi halda qeyri-iş günlərindən sonra ona gecikmə yazılarsa, bu qanun pozuntusu hesab olunur və belə vəziyyətdə vətəndaş aidiyyəti qurumlara şikayət edə bilər.

Elcan Turan
Day.Az

Chosen
47
7
day.az

10Sources