Bakı, 16 mart, AZƏRTAC
Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə Bakıda keçirilən beynəlxalq forumlar ölkəmizlə yanaşı, bütövlükdə region üçün də xüsusi strateji əhəmiyyət kəsb edir. Mahiyyətinə daha dərindən yanaşdıqda demək olar ki, bu cür platformalar təkcə regional deyil, həm də qlobal səviyyədə dialoq və əməkdaşlıq üçün mühüm məkan rolunu oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən siyasətçilərin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə Bakının ev sahibliyi etdiyi forumlar qlobal çağırışların müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
XIII Qlobal Bakı Forumunun beynəlxalq səviyyəli siyasi dialoq üçün mühüm platforma kimi əhəmiyyətinə də toxunan ekspert qeyd edib ki, paytaxtımızda digər mühüm tədbirlərin də təşkili onu artıq ənənə hal alıb.
Onun sözlərinə görə, Bakıda keçirilən Bakı Təhlükəsizlik Forumu kimi tədbirlər də beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Bu tip tədbirlər müxtəlif ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələrini bir araya gətirərək qlobal təhlükəsizlik çağırışlarının müzakirəsi üçün mühüm imkan yaradır. Məsələn, ötən ilin sentyabrında keçirilən forum da bu baxımdan mühüm platforma oldu”, – deyə siyasi şərhçi vurğulayıb.
Elnur Ənvəroğlu bildirib ki, enerji və iqtisadi əməkdaşlıq sahəsində də Bakı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
“Bakı Enerji Forumunu buna misal göstərə bilərik. Bu forum enerji təhlükəsizliyi, enerji keçidi və yeni enerji layihələrinin müzakirə olunduğu qlobal platforma kimi tanınır. Eyni zamanda, Avropa ilə enerji əməkdaşlığının genişlənməsi və yeni enerji marşrutlarının formalaşdırılması baxımından da böyük əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, bu tədbirlərdə Azərbaycan öz qlobal təşəbbüslərini də təqdim edir. Bu təşəbbüslər sırasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Avropa ilə yaşıl enerji layihələri və xüsusilə Orta Dəhlizin inkişafı mühüm yer tutur.
Siyasi şərhçi hesab edir ki, bu təşəbbüslər Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də qlobal logistika və enerji təhlükəsizliyinin əsas aktorlarından biri kimi çıxış etdiyini göstərir.
“Ümumilikdə, Azərbaycan bu təşəbbüslərdə yalnız iqtisadi mənfəət deyil, həm də qlobal arenada nüfuzunu artırmaq istiqamətində uzaqgörən siyasət həyata keçirir. Bu platformalar Azərbaycanın regionda sabitlik və əməkdaşlıq mərkəzi kimi mövqeyini möhkəmləndirirr”,- deyə Elnur Ənvəroğlu vurğulayıb.