Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilənlərdən Ağa Tarverdiyev 11 il, Nurlan Zeynalov 11 il 6 ay, Ruslan Məmmədov 11 il 6 ay, Fazil Hacıyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən prosesdə prokuror məhkəməyə Ağa Tarverdiyev, Fazil Hacıyev və Ruslan Məmmədovun 12 il 6 ay, Nurlan Zeynalovun isə 13 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onlar saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu