EN

Tbilisidə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun “Novruz oymaları” adlı sərgisi açılıb

Tbilisi, 16 mart, AZƏRTAC

Martın 16-da Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin qalereyasında “Şöhrət” ordenli Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Novruz oymaları” adlı ilk fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, bir həftə davam edəcək sərgi Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi, “Palazzo Mandrili–Azərbaycan–İtaliya” Qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə keçirilir.

Baharın gəlişinin və yenilənmənin simvolu olan Novruz bayramı çərçivəsində açılan sərgidə rəssamın zəngin mədəniyyəti, milli folkloru və müasir bədii ənənələri əks etdirən 20-yə yaxın yeni və klassik əsəri nümayiş olunur. Sərgi Tbilisi tamaşaçıları üçün bu görkəmli ustadın yaradıcılığı ilə yaxından tanış olmaq baxımından unikal fürsət yaradır.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib ki, sərgidə Novruz adətlərini əks etdirən 20 əsər nümayiş olunur.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışaraq bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, əsrlər boyu xalqlarımız arasında mövcud olan mədəni, iqtisadi və siyasi əlaqələr bu gün daha da möhkəmlənib və inkişaf edib.

Səfirin sözlərinə görə, sərgi həm milli adət və ənənələrin təbliği, həm də Azərbaycan–Gürcüstan mədəni əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Sərgidə iştirak edən tanınmış gürcü kinorejissor Tengiz Malaniya bildirib ki, burada nümayiş olunan rəsm əsərlərini Novruzun inciləri də adlandırmaq olar. Onun sözlərinə görə, Novruz yeni il, yenilik, təbiətin oyanışı və rəngarənglik deməkdir. Bu əsərləri seyr edərkən insan sanki sehrli bir dünyaya düşür.

Gürcüstan Milli Kitabxanasının baş direktoru Konstantin Qamsaxurdia isə deyib ki, Gürcüstan Qərblə Şərqin qovşağında yerləşir və bu gün Tbilisidə müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Onun sözlərinə görə, sərgini ziyarət edən xarici qonaqlar da Azərbaycan mədəniyyəti və incəsənəti haqqında dolğun məlumat əldə edirlər. Bu cür tədbirlər xalqlarımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm rol oynayır.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Bolnisi şəhərində yerləşən Bolnisi Muzeyində Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində hazırladığı əsərlərdən ibarət sərgi də təqdim olunmuşdu.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
20
1
azertag.az

2Sources