EN

Evləri sökülənlərə niyə həmin ərazidə mənzil verilmir?

Bakıda köhnə - xüsusilə istismar müddəti bitmiş və ya qəzalı statuslu binaların sökülməsi və yenidənqurma proseslərində sakinlərə adətən eyni ərazi daxilində alternativ mənzil təklif olunmur. Bəs köhnə binaların sökülməsi zamanı sakinlərə yaşadıqları ərazidə yeni mənzil verilməməsinin səbəbi nədir?Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, paytaxtda çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin söküntüsü prosesi uzun müddətdir davam edir. Onun sözlərinə görə, söküntülər əsasən iki formada həyata keçirilir: "Birinci forma torpaqların dövlət ehtiyacı üçün alınması zamanı aparılan söküntülərdir. Bu zaman yeni yolların və körpülərin tikintisi, parkların salınması və müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət qurumları tərəfindən həmin ərazilər satın alınır və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Digər tərəfdən, qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının böyük bir hissəsi də özəl tikinti şirkətləri tərəfindən sökülür. Bu zaman şirkətlər sökülən binaların yerində yeni çoxmənzilli yaşayış binaları inşa edirlər. Bina sakinlərinə isə həmin yeni tikilən binalarda mənzillər verilir. Mənzillər təhvil verilənədək, yəni evlərin sökülməsi ilə yeni binalarda mənzillərin təqdim olunması arasında keçən orta hesabla üç il müddətində kirayə və köç xərcləri tikinti şirkətləri tərəfindən qarşılanır".Ekspert təsdiqləyib ki, mövcud qiymətlər fonunda vətəndaşlar üçün daha sərfəli variant sökülən evlərinin yerində yeni mənzillərlə təmin olunmalarıdır: "Söküntü zamanı daha çox çətinlik yaşayan isə ümumi sahəsi kiçik olan mənzil sahibləridir. Onların mənzillərinin sahəsi kiçik olduğuna görə kompensasiya şəklində verilən vəsaitlə yenidən şəhər daxilində mənzil almaq bəzən çətin olur. Məsələn, bəzi həyət evlərinin sahəsi orta hesabla 15–30 kvadratmetr, bəzən isə 20–25 kvadratmetr civarında dəyişir. Bu halda kompensasiya ödənilsə də, həmin məbləğlə şəhər daxilində uyğun ölçülü mənzil tapmaq vətəndaşlar üçün ciddi problemlər yaradır. Bu səbəbdən bir çox vətəndaşlar Bakıətrafı ərazilərə üz tutmalı olurlar. Digər tərəfdən, artıq paytaxt Bakı şəhərinin Baş Planı təsdiq olunub və şəhərin 2040-cı ilə qədər inkişaf istiqamətləri müəyyənləşdirilib. Baş Plana əsasən, hazırda yaşayış olan bəzi ərazilər gələcəkdə başqa məqsədlər üçün istifadə ediləcək, yeni yollar çəkiləcək, yeni parklar salınacaq. Bu səbəbdən də sökülən bəzi yaşayış massivlərinin yerində yenidən yaşayış binaları tikilməyəcək. Bu isə öz növbəsində şəhərdə mənzillərə olan tələbatın artmasına səbəb olur". E.Fərzəliyev qeyd edib ki, vətəndaşların mənzilləri sökülərkən onlara eyni və ya yaxın ərazilərdə mənzil ala biləcək səviyyədə kompensasiyalar ödənilməsi vacibdir:"Mənzillərin sahəsi kiçik olan vətəndaşlar üçün isə sosial layihələr çərçivəsində daha az sahəli yaşayış binalarının tikilməsi məqsədəuyğun olardı. Belə olan halda evləri sökülən və mənzillərinin sahəsi kiçik olan vətəndaşlar yaşadıqları ərazilərin yaxınlığında mənzillə təmin oluna bilərlər. Çünki bir vətəndaş hər hansı ərazidə doğulub uzun müddət yaşayırsa, öz həyatını da həmin əraziyə uyğun qurur: iş yeri, övladlarının məktəbi və digər gündəlik məsələlər adətən yaşadığı yerə yaxın olur. Əgər mənzil sökülür və vətəndaş daha uzaq əraziyə köçmək məcburiyyətində qalırsa, bu zaman övladların məktəb problemi, işə gediş-gəliş, vaxt itkisi və yollarda tıxac kimi çətinliklər yaranır. Bu da vətəndaşın yeni mühitə uyğunlaşması üçün müəyyən zaman tələb edir. Digər tərəfdən, paytaxt Bakı şəhərində aparılan söküntülər həm də vətəndaşların təhlükəsizliyi baxımından həyata keçirilir. Çünki sökülən ərazilərin böyük hissəsindəki binalar istismar müddətini bitirmiş və qəzalı vəziyyətdədir. Gələcəkdə hər hansı zəlzələ, sürüşmə və ya digər fövqəladə hadisə baş verərsə, ən çox zərər görən məhz belə köhnə və qəzalı tikililər ola bilər. Bu baxımdan aparılan söküntülərin əsas məqsədi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması və gələcəkdə mümkün təbii fəlakətlər zamanı insanların təhlükəsizlik riskləri ilə üzləşməsinin qarşısını almaqdır".

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
35
metbuat.az

1Sources